Yaqub Mikayıl oğlu Mahmudov - 77
Fevral 10
08:21
2016
Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada (əyani) saxlanılmışdır. 1966-cı ildə fəlsəfə doktoru, 1989-cu ildə Moskva Dövlət Universitetində elmlər doktoru, 1990-cı ildə isə professor elmi adını almışdır.
Y.Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent) və BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan) işləmiş, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 2004-cü il sentyabrın 13-dən AMEA Tarix İnstitutunun direktorudur.
Y.Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını üzə çıxarmış, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını müəyyənləşdirmiş və fəaliyyətlərini açıqlamış, bu sahədə elmə mühüm yeniliklər gətirmişdir. O, Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 700-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, Azərbaycanın XV-XVII əsrin əvvəllərində Avropa ölkələri ilə diplomatik əlaqələri probleminə həsr olunmuş çoxsaylı və sanballı elmi tədqiqat işləri: «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)» (rus dilində; Bakı, 1991), «Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)» (Bakı, 1996) kimi fundamental monoqrafiyalar, həmçinin «Öyrənilməmiş səhifələr» (Bakı, 1972), «Səyyahlar Azərbayacana gəlir» (Bakı, 1977), «Odlar yurduna səyahət» (Bakı, 1980), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri» (Bakı, 1986), «Səyyahlar, kəşflər, Azərbaycan» (Bakı, 1985) və b. kitablarını nəşr etdirmişdir.
Y.Mahmudov Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemini, o cümlədən, Azərbaycanın diplomatiya tarixini araşdıran elmi məktəb yaratmış və hazırda həmin məktəbə başçılıq edir. Azərbaycanda yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynamış, onun rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişmişdir. O, uzun illərdir ki, BDU-da və Tarix İnstitutunda «Vətən tarixi» və «Ümumi tarix» ixtisasları üzrə İxtisaslaşdırılmış Müdafiə Şuralarına rəhbərlik edir. Hazırda Tarix Elmləri üzrə Əlaqələndirmə Şurasının sədridir.
Y.Mahmudov Əməkdar elm xadimidir. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. O, Yusif Məmmədəliyev, Rəsul Rza, Qızıl Qələm, Qızıl Qılınc, Samir Əsgərxanov mükafatları laureatıdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordenilə təltif olunmuşdur (1999).
Y.Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2000-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.