Yazıçı Anar: "O adamlar cəsarət eləyib həddini aşmasınlar"
Fevral 19
12:21
2018
Anardan əsəbi açıqlama
Bunu "Yeni Müsavat”a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.O, qeyd edib ki, bəzi adamlar tolerantlıqdan, dözümlülükdən danışırlar, amma Cəmil Həsənli onun haqqında bir xoş söz deyən kimi, düşüblər onun üstünə: "Demək, tək mənim üstümə yox, mənim haqqımda kimsə yaxşı söz deyir, onun da üstünə düşürlər. Bu, demokratiyadır? Bununla yeni cəmiyyət qurmaq istəyirlər?”.
Anar bildirib ki, o cəmiyyətin biganəliyinə görə narahatdır: "Belə olan yerdə gərək cəmiyyət səsini elə qaldırsın ki, o adamlar cəsarət eləyib həddini aşmasınlar. Amma cəmiyyət elə kənardan baxıb, kef çəkir, ə, gördün də, filankəsin kitablarını yandırdılar, nə yaxşı oldu. Ya heç "yaxşı oldu” yox e, "yandırırlar, yandırırlar da…” Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram. Belə bir cəmiyyətin yolu çox təhlükəlidir. Kitab yandırılmağına qalanda, bilirsiniz də, Almaniyada Tomas Mannın, Haybedin, Langerin, Freudun kitablarını yandırmışdılar. Elə bir cərgədə olmaq… Adam fəxr edir ki, sənin də kitablarını belə bir adamların kitabları ilə bir yerdə yandırırlar”.
"Mən demirəm ki, ziyalılar mələkdir” deyən AYB sədri hər kəsin bir nöqsanının olduğunu vurğulayıb. "Yəqin mənim də həmçinin, mən bunu demirəm. Amma indi konkret bizi nədə günahlandırırlar: niyə biz İlham Əliyevi müdafiə edirik? Bəs, kimi müdafiə edək, desinlər də! Mən ad çəkmək istəmirəm ki, o birilərə xələl gəlməsin, belə çıxmasın ki, mən onları pisləyirəm. Amma namizədliyini verənlərin hansı biri İlham Əliyevdən önə keçəcəyinə, seçiləcəyinə inanırlar? Bütün dünyanın müşahidəçiləri gəlsin, ən demokratik seçkidə mütləq İlham Əliyev qalib gələcək. İndi neçə səslə, bilmirəm, amma mütləq birinci turda qalib gələcək. Yaxşı, indi biz də bunu deyəndə niyə üstümüzə düşürlər?”.
Qlobal.Az