Yeni salınan park xarabalığa çevrilib - FOTOLAR
Dekabr 20
12:49
2015
Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış park xarabalığa çevrilib. "Ecoland” adı verilən park ilk baxışdan adı ilə ziddiyyət təşkil edir. Yəni burada heç bir ekoloji təmizlikdən söhbət gedə bilməz. Əksinə, bu park tam bir xarabalığı xatırladır. Ən təəssüf doğuran məqam odur ki, bu park uzun illər öncə deyil, iki il öncə salınıb. Lakin bir il ərzində həm parkın yaşıllığı, həm xaricdən gətirilən qiymətli ağaclar quruyub, üstəlik, oturacaqlar, uşaq atraksionları yararsız vəziyyətə düşüb.
Parka yaxınlaşarkən uzaqdan üfunət iyi hiss olunur.
Qeyd edək ki, "Ecoland” u istirahət məkanı ötən il standartlara uyğun olaraq hər bir avadanlıqla təchiz olunub, parkın ərazisi yaşıllaşdırılıb. Xaricdən gətirilən həmişəyaşıl ağaclar əkilib. Ancaq bu yaşıllığın qorunması üçün hər hansı tədbir görülməyib.
Bu səbəbdən quruyan yaşıllıq sahəsi parkdan çox mal-qara üçün otlaq sahəsini xatırladır.
Yağış sularının axması təmin olunmadığı üçün parkın içərisi dizə qədər sudur. Keçilməz gölməçələr parka xərclənən küllü miqdarda vəsaitin necə havaya sovurulduğunu göz önünə sərir.
Müxtəlif növ qiymətli ağaclar, uşaqlar üçün nəzərdə tutulmuş bahalı atraksionlar bataqlıqda itib-batıb. İşıq dirəkləri sıradan çıxıb, açıq elektrik naqilləri təhlükə mənbəyinə çevrilib. Təqribən 1 hektara yaxın ərazini əhatə edən bu parkın aidiyyatı orqanların diqqətindən kənarda qaldığı açıq-aşkar görünür.
Parkda irəlilədikcə qarşıya çıxan mənzərə daha acınacaqlıdır. Mərkəzdə yaradılmış fəvvarə yararsız vəziyyətə düşüb, hovuzunun içərisi isə zir-zibillə doludur. Aylarla təmizlik işləri aparılmadığı üçün park böyük bir zibilxananı xatırladır.
Təkcə təmizlik işləri deyil, aparılan tikinti işlərinin də keyfiyyətsiz olduğu aşkar görünür. Hovuzun ətrafına düzülmüş aqlay daşlar sökülüb. Aqlay üzlüyün altına heç bir bərkidici material vurulmadığından yağış suları onların daha tez qopmasına səbəb olub.
Yalnız üzdən daşları yapışdıraraq işlər "yola” verilib. Bu isə onu göstərir ki, aidiyyatı qurumlar parka ayrılan vəsaiti düzgün şəkildə xərcləməyib.
"Ecoland” parkına nəzarət edən və qulluq göstərən şəxslə həmsöhbət olduq.
Parkın bu vəziyyətdə olmasını isə belə izah etdi: "Parkın ərazisinə yığılan sular yağış sularıdır. Hər dəfə yağış yağanda gölməçələr yaranır. Bunun qarşısını ala bilmirik. Digər problemlər haqqında heç nə deyə bilmərəm”.
Zabrat qəsəbəsinin sakini Nazim Əliyev isə "Ecoland” parkının acınacaqlı durumundan danışdı: "Parkın yeni açılmasına baxmayaraq yayda susuzluqdan yaşıllıq quruyur, qışda yağış sularından bataqlıq yaranır. Gördüyünüz kimi, parkda ən qiymətli növlərdə ağaclar, bahalı atraksionlar var. İldən-ilə hamısı sıradan çıxır. Yağış suları altında qalmaqdan çürüyür. Bu ağaclar da qiymətli ağaclardır, xarici ölkələrdən gətirilib.
Parkın gah Fövqəladə Hallar Nazirliyinin balansında olduğu, gah da Yaşıllaşdırma İdarəsinə verildiyi söylənilirdi.
Son zamanlar isə Sabunçu Rayon İcra Hakimiyyətinin balansında olduğu bildirilir. Fərqi yoxdur hansı qurumun nəzarəti altındadır. Əsas odur ki, parkın abadlaşdırılması üçün tədbirlər görülsün. Əks halda minlərlə manat vəsait xərclənən bu park xarabalığa çevriləcək”.
Qeyd edək ki, bu park Ramana qəsəbəsinin sakinlərinin yeganə istirahət guşəsi olub. Hazırda park bərbad vəziyyətdə olduğundan əhali bundan da məhrum olub. Parkın bərpası işlərinin nə zaman həyata keçiriləcəyi isə məlum deyil. Məhv olan yaşıllıqlara gəlincə, Yaşıllaşdırma İdarəsi parkın yaxınlığında yerləşir. Lakin qurum gözlərinin önündə məhv olan parka diqqət etmir.
Musavat.com