SON XƏBƏR

Yüz yaşlı Ətyeməzli kənd orta məktəbi...

Aprel 24
13:22 2020
XIX-XX əsrlərdə Azərbaycanın şəhər və kəndlərində yeni tipli məktəblərin açılması xalq təhsilinin inkişafına təsir etdi. XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərində açılan yeni tipli məktəblərin sayı artmaqda idi. Yeni tipli məktəblərin açılmasında qabaqcıl maarif xadimlərinin xidmətləri əvəzsizdir. Xalqımızın savadlanmasında, maariflənməsində əhəmiyyətli rol oynamış yeni tipli məktəblər belə ziyalıların əməyi hesabına inkişaf edib, formalaşırdı. Yeni tipli təhsil mərkəzləri ibtidai məktəblərin sayının artması hesabına meydana gəlirdi. 

Qarabağ bölgəsinin ayrı-ayrı şəhər və kəndlərində açılmış yeni tipli təhsil mərkəzlərinin yaradıcıları əsasən Qori Müəllimlər Seminariyasının, Şuşa realnı məktəbinin məzunları idilər. Qarabağda fəaliyyət göstərmiş yeni tipli təhsil təhsil mərkəzlərindən biri də Ətyeməzli kənd məktəbidir.

1920-ci ilin ilk aylarında yeni tipli təhsil mərkəzinin Ətyeməzli (indiki Ağdam rayonunun Ətyeməzli kəndi) kəndində ibtidai məktəb kimi açılması Haqqı Abdulla oğlu Əfəndiyevin adı iə bağlıdır. Yeni tipli məktəb fəaliyyətə başlayanda Ətyeməzli kəndi Şuşa qəzasının kəndlərindən biri idi. Haqqı Əfəndiyev bu təhsil mərkəzinin açılmasında, kənd uşaqlarının təhsilə cəlb edilməsində yaxından iştirak etmişdir. Məqalə "Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyam əsasında yazılmış, əlavələr edilmişdir. Sədi Əfəndiyev, Behbud Mustafayev və başqaları kənd məktəbinin ilk müəllimlərindəndirlər. 50-ci illərdə bu təhsil ocağında dərs demiş müəllimlərin siyahısı Gülyaz Əfəndiyevaya, Raqub Nağıyevə istinadən verilmişdir. Hər ikisi müxtəlif ildə bu təhsil ocağında oxumuşdur.

Sonralar Səlim Ağayev (1937-1941; 1946-1950; 1964-1982), Asif Eyvazov (1942-1946), Vəliyəddin Əfəndiyev (1950-1964), Elxan Aslanov (1982-1993) müxtəlif illərdə Ətyeməzli kənd orta məktəbinə rəhbərlik etmişlər. Səlim Ağayev, İsi Baxışov, İbrahim Sadıqov müxtəlif illərdə məktəbin dərs hissə müdiri vəzifəsində çalışmışlar. Tamilla Mirzəyeva, Solmaz Quliyeva, Zenfira Kazımova müxtəlif vaxtlarda məktəbin kitabxanaçısı olmuşlar.

Sədi Əfəndiyev (rus dili), Məleykə Əfəndiyeva (ibtidai sinif), Behbud Mustafayev (rus dili), İsa Məmmədov (riyaziyyat), İsfəndiyar Şükürov (kimya, biologiya), Ənvər Hüseynov (kimya, biologiya), Amalya xanım (fizika), İsi Baxışov (Azərbaycan dili və ədəbiyyat), Habil Hüseynov (Azərbaycan dili və ədəbiyyat), Qərənfil Əhmədova (Azərbaycan dili və ədəbiyyat), Musa müəllim (ingilis dili), Niyaz Əliyev (ibtidai sinif), Adilə Quliyeva (ibtidai sinif), Roza Səfərova-Aslanova (ibtidai sinif), Şüküfə Tağıyeva (ibtidai sinif), Manya Zülfüqarova (ibtidai sinif), Əziz müəllim (ibtidai hərbi hazırlıq) və başqaları 50-ci illərdə məktəbin adlı-sanlı müəllimlərindən sayılmışlar. Sonralar məktəbin pedaqoji kollektivinin sayı istedadlı gənclərin hesabına artmışdı.

Ətyeməzli kənd orta məktəbi 1982-ci ildə 40 nəfər müəllim, 350 nəfər şagird kollektivindən ibarət olmuşdur. 1993-cü ildə müəllimlərin sayı 70 nəfər idi. Həmin ildə 650 nəfər şagird təhsil alırdı.

Ətyeməzli kənd orta məktəbinin SSRİ-nin müxtəlif orden, medallarına, "Qabaqcıl maarif xadimi" döş nişanına, "Sosializm yarışının qalibi” döş nişanına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ağdam rayon təhsil şöbəsinin Fəxri fərmanlarına layiq görülmüş adlı-sanlı pedaqoqları olmuşdur. Təhsil sahəsindəki xidmətlərinə görə, fəxri adlarla, mükafatlarla təltif edilmiş məktəb müəllimlərinin uğurları Ağdam təhsil tarixinin inkişaf  göstəricisidir. Məsələn, Haqqı Abdulla oğlu Əfəndiyev "Qırmızı Əmək Bayrağı”, "Lenin” ordenlərinə layiq görülmüşdür. Vəliyəddin Məhəmməd oğlu Əfəndiyev, Məleykə Məhəmmədalı qızı Əfəndiyeva SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci ilin fevral tarixli fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişlər. Azərbaycan SSR Maarif Nazirinin 1970-ci il tarixli qərarı ilə Sayad İsi qızı Aslanovaya "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi” döş nişanı verilmişdir.

Ətyeməzli kənd orta məktəbi 30-cu illərdə yeddiillik icbari təhsil sistemində fəaliyyətə başlamışdır. SSRİ Ali Soveti 24 dekabr 1958-ci ildə "Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi haqqında” qəbul edilmiş Qanununa uyğun olaraq 1960-1961-ci dərs ilində Ətyeməzli kənd yeddiillik məktəbi səkkizilik icbari təhsil sisteminə keçmişdir. 1979-1980-cı dərs ilində Ətyeməzli kənd səkkizillik məktəbi orta məktəb olmuşdur. Ətyeməzli kənd orta məktəbinin ilk buraxılışı 1981-1982-ci dərs ilində olmuşdur. 

Ətyeməzli kənd orta məktəbi 1920-ci ildə fəaliyyətə başlayanda dərslər kəndin məscidində keçirilmişdir. Məscid binası 2-3 otaqdan ibarət idi. 30-cu illərdə məktəb icbari təhsil sisteminə keçdi. Yeddiillik məktəbin 2-3 otaqdan ibarət məscid binasında fəaliyyət göstərməsi kənd uşaqlarının yaxşı təhsil almasına mane olurdu.
 
Kəndin ortasında bənna Rüstəm kişinin evinin həyətində də kiçik məscid var idi. Sinif otaqları çatışmadığına görə, məktəb məscid binasından 3 sinif otağı kimi istifadə etmişdir. 40-cı illərin mətbuat səhifələrində bir-birindən aralı yerləşən bu iki bina haqqında məlumat verilmişdir. Məktəbin yerləşdiyi bu iki binanın bir-birindən aralı olması şagirdlərin keyfiyyətli tədris almasına imkan vermirdi. O dövrün mətbuatında bu barədə yazılmışdır. Hər iki binanın keçmişdə məscid olması haqqında məlumat Gülyaz Vəliyyəddin qızı Əfəndiyevaya  istinadən verilmişdir. O, ibtidai təhsilini bu binalarda almışdır. 

Ətyeməzli kənd orta məktəbində müəllim və şagirdl kollektivinin  sayı artıqca dərsin keyfiyyətli tədrisi üçün yeni sinif otaqlarına ehtiyac yaranırdı.
 
Ətyeməzli kəndinin adlı-sanlı bəy ailəsi Fətəlibəyovların  ikimərtəbəli evi kəndin seçilən binalarından sayılırdı. Bu binaya "Xasay bəyin” evi deyilirdi. Xasay Əhməd bəy oğlu Əhmədov (1906-1997) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Fətəlibəyovun (1886-1953) qardaşı oğludur. 

Xasay Əhmədovun böyük əməsi İsmayıl bəy Fətəlibəyov (1860-1960) siyasi şərait üzündən ailəsi ilə Ağcabədi rayonunun Sarıcalı kəndinə köçmüşdü. Özü isə həmin illərdə Boyəhmədli kənd orta məktəbində riyaziyyat müəllimi olduğu üçün ailəsi dərs dediyi kənddə yaşayırdı. 

Xasay Əhmədovun icazəsi ilə 40-cı illərin sonlarında onun evi Ətyeməzli kənd orta məktəbinin əsas binası olmuş, əlavə sinif otaqları kimi iki məscid binasından istifadə edilmişdir. Ətyeməzli kənd orta məktəbinin bu binasının təsviri Gülyaz Əfəndiyevanın verdiyi məlumata istinadən yazılmışdır. 

Ətyeməzli kənd orta məktəbinin ikimərtəbəli, sağ və sol tərəfdən pilləkanlı  6 otaqdan ibarət bu binası kənd məscidindən 90-100 metr aralı yerləşirdi. Binanın I mərtəbəsi 2 sinif otağından ibarət idi. Binanın II mərtəbəsinin sağ tərəfindəki pilləkanın qurtaracağında bir otaq yerləşirdi. Bu otaq məktəbin kitabxanası idi. Kitabxana sırasında iki böyük otaqdan biri müəllimlər otağı, digəri sinif otağı adlanırdı. Bu sırada iki böyük otaqdan sonra kiçik otaq var idi. Binanın sol tərəfindəki pilləkanla qalxanda kiçik otağa qapı açılırdı. Bu otağın ikinci qapısı müəllimlər otağı və sinif otağı olan böyük otaqlara açılırdı. 

Binanın geniş torpaq sahəsi var idi. Məktəb binası torpaq sahəsinin ortasında yerləşirdi. Binanın hər iki tərəfində müxtəlif meyvə ağacları əkilmişdi. Tədbirlər məktəb binasının qarşısında keçirilirdi. 

Ətyeməzli kənd orta məktəbi 1959-1960-cı dərs ilində kənddə yerləşən yeni binaya köçdü. Əvvəllər hərbi hissəyə aid bu bina birmərtəbəli 8 otaqdan ibarət idi. Sonralar məktəb üçün hər biri 5 otaqdan ibarət 2 əlavə bina tikildi. 80-cı illərin ortalarında əlavə 10 sinif otağı da istifadəyə verildi. Məktəb artıq 28 sinif otağından ibarət idi. 

Ətyeməzli kənd orta məktəbinin 73 illik fəaliyyəti respublika mətbuatında işıqlandırılmış, qabaqcıl maarif xadimlərinə aid silsilə yazılar dərc edilmişdir. Qəzet səhifələrində istedadlı şagirdlərin adları çəkilmiş, uğurlarından söhbət açılmış, onların yazıları çap olunmuşdur. Həmin illərdə şagirdlərin və pedaqoji kollektivin iştirakı ilə tədbirlər keçirilmiş, görüşlər təşkil edilmişdir. Bu təhsil ocağının şagirdləri idmanın müxtəlif növü üzrə keçirilən siniflərarası, məktəblərarası  yarışlarda iştirak etmiş, müvəffəqiyyət qazanmışlar. 

Fəaliyyəti dövründə tanınmış elm, maarif, mədəniyyət xadimləri, səhiyyə işçiləri bu məktəbin məzunu olmuşlar. Əgər Qarabağın dilbər guşələrindən sayılan Ağdam işğal olunmasaydı 27 ildə gələcəyin neçə-neçə tanınmış insanları da bu təhsil ocağının məzunu ola bilərdi...

Orxan Zakiroğlu (Baharlı)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook