SON XƏBƏR

Yüzlərlə şəxs yaşamaq üçün Azərbaycana gəlib - Ölkəmizi seçənlər kimlərdir?

Sentyabr 17
00:08 2020
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin (DMX) müvafiq qurumlarında daimi yaşamaq üçün Azәrbaycana 947 nәfәr gәlәn, Azәrbaycandan isә 397 nәfәr gedәn qeydә alınıb.

Miqrasiya saldosu müsbәt 550 nәfәr tәşkil edib.

Maraqlıdır, daimi yaşamaq üçün Azərbaycana daha çox hansı ölkələrin vətəndaşları gəlirlər?
 
DMX-dan verilən məlumata görə, 2012-ci il ərzində daxil olmuş 96 634 sənədə baxılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib:

"Ötən il quruma əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi ilə bağlı 49 822 müraciət daxil olub. Bunlardan 3 667-si müvəqqəti olma müddətinin uzadılması, 42 851-i müvəqqəti yaşamaq icazəsi, 3 304–ü daimi yaşamaq icazəsi ilə bağlı olub.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 368 müraciət müvafiq qaydada araşdırılıb, həmin müraciətlərdən 303–ü Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 6-sı Azərbaycan Respublikası vətəndaşlığına bərpa, 59-u isə Azərbaycan Respublikası vətəndaşlığına xitam məsələləri ilə bağlı olub. Qaçqın statusu almaq niyyətində olan 52 nəfər əcnəbi Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

2014-cü ildə isə Azərbaycanda daimi yaşamaq üçün 424 nəfər 15-29 yaşlı gənc gəlib. Onların 88-i kişi, 336-sı qadın olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycana daimi yaşamaq üçün gələn 15-29 yaşlı gənclər arasında MDB ölkələrindən gələnlər üstünlük təşkil edir. 2014-cü il Azərbaycana daimi yaşamaq üçün gələn gənclərin 245-i MDB ölkələrindən, 179-u isə digər xarici ölkələrdən olub.

MDB ölkələrindən Azərbaycana gələnlər arasında Rusiya və Gürcüstandan gələnlərin sayı çoxluq təşkil edir. 2014-cü il 185 nəfər Rusiyadan, 115 nəfər Gürcüstandan, 20 nəfər Qazaxıstandan, 19 nəfər Türkiyədən, 16 nəfər Ukraynadan, 12 nəfər Özbəkistandan, 11 nəfər İrandan, 11 nəfər Türkmənistandan, 1 nəfər isə Qırğızıstandan daimi yaşamaq üçün Azərbaycana gəlib.

2014-cü ildə Azərbaycandan xarici ölkələrə daimi yaşamaq üçün isə 63-ü kişi, 128-si qadın olmaqla, 191 nəfər gedib. Onların 148-i daimi yaşamaq üçün MDB ölkələrini, 43-ü digər xarici ölkələri seçib.

DMX-dən verilən məlumata görə, 2018-ci il ərzində 2.845.697 (2017-ci ilin müvafiq dövründə 2.692.219) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir.
 
Xidmət rəisi diqqətə çatdırıb ki, hesabat dövründə 740.841 (2017-ci ilin müvafiq dövründə 749.732) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82953 müraciət daxil olub.

Hesabat dövründə 41.030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib (2017-ci ilin müvafiq dövründə 42.232 nəfərə müvəqqəti yaşama, 3073 nəfərə daimi yaşama, 8725 nəfərə iş icazəsi).

Dövlət Miqrasiya Xidməti rəisinin vətəndaş qəbuluna gələnlərin sayı 650 nəfər olub.

DMX-dən verilən məlumata görə, 2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb: "Bu, 2018-ci illə müqayisədə 37 faiz azalma deməkdir”.

Xidmətin rəisi Vüsal Hüseynovun sözlərinə görə, 2019-cu ildə daimi yaşama üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfəri digər ölkələrin vətəndaşlarıdır.

O qeyd edib ki, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb: "Bu, əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir. İş icazəsi alanlardan 2355 nəfəri Türkiyə, 930 nəfəri Birləşmiş Krallıq, 449 nəfəri Hindistan, 285 nəfəri Rusiya, 259 nəfəri İran, 2402 nəfəri digər ölkələrin vətəndaşlarıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook