SON XƏBƏR

Zahid Oruv: “Onlar hesab edirlər ki, Rusiyanın pəncəsi altından Ermənistanı vurub çıxarmaq olar, lakin Putini hələ tanımırlar”

İyun 29
09:42 2018
Avropa Birliyi suriyalı qaçqınların inteqrasiyasına yardım üçün Ermənistana üç milyon avro ayırıb. Bununla bağlı "RİA Novosti” agentliyi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, iyunun 21-də Brüsseldə Avropa Birliyi-Ermənistan əməkdaşlıq şurasının ilk iclası keçirilib: "Şuranın iclasında vurğulanıb ki, Suriyada siyasi münaqişənin həlli müstəsna əhəmiyyətə malikdir. Suriyalı qaçqınların Ermənistana inteqrasiyası üçün Avropa Birliyi ”Madad" fonduna üç milyon dollar ayırıb".

Bildirilir ki, münaqişəyə qədər Suriyada erməni icmasının 110 min üzvü olub. Müharibənin başlanmasından sonra ölkəni 90 min erməni tərk edib. Onların böyük qismi Livan, İordaniya, Türkiyə və Ermənistanda yerləşib. Rəsmi İrəvanın açıqlamasına əsasən, Ermənistanda məskunlaşan ermənilərin sayı 22 min nəfər təşkil edib. Lakin son illərdə dəfələrlə məlumatlar yayılıb ki, Suriyadan erməni mənşəli ailələr və terrorçu ünsürlər əvvəlcə Ermənistana gətirilir, bir müddət sonra isə işğal altındakı Azərbaycan ərazilərində məskunlaşdırılır. 

İrəvan dəfələrlə ölkəyə əlavə valyuta ehtiyatlarının cəlbi üçün Suriya erməniləri adından istifadə edib. Hətta İrəvan erməni diasporunun maliyyə imkanlarından yararlanaraq, Zəngilan və Qubadlı rayonlarının ərazilərində Suriya erməniləri üçün şəhərciklər salmağa cəhd də göstərib.

Amma Suriya ermənilərinin heç də hamısı Ermənistanda yaşamaq istəmir. Belə ki, Ermənistana gələn bu ermənilər ölkədəki işsizlik və ağır iqtisadi vəziyyət ucbatından daha yüksək rifah şəraitinin olduğu Avropaya müxtəlif vasitələrlə çıxış yolu əldə etməyə çalışırlar.

Bəs Avropa Birliyinin Suriya ermənilərinə yardım adı altında işğalçı Ermənistana vəsait ayırması Azərbaycana qarşı sayıla bilərmi? Azərbaycan buna ciddi etiraz bildirməlidirmi?

Deputat Zahid Oruc "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avropa Birliyi Ermənistandakı inqilabı mükafatlandırmaq üçün hər cür maddi həvəsləndirmə layihələri həyata keçirməyə hazırdır: "Faktiki olaraq bir ay bundan əvvəl Nikol Paşinyanın hökumətə rəhbərliyinin yeni başlandığı günlərdə Avropa Parlamenti açıq-aşkar belə qətnamələr qəbul etmişdi ki, Avrasiya İqtisadi Birliyinə üzvlüyü Ermənistanı tamamilə Qərbin himayəsi altına götürməyə imkan vermir. Qətnamədə buna görə hətta təəssüf ifadə edilirdi. Göstərilə biləcək bir sıra yardımlar real investisiya şəklində olmasa da müxtəlif tariflər, rüsumlarda güzəştlər və sair kimi fiksal qurumlar vasitəsilə edilə bilərdisə, onları reallaşdıra bilmirlər. İndi isə konkret məsələ ortaya çıxıb. Suriya probleminə siyasi münasibətdə açıq-aşkar Rusiyanın mövqeyini müdafiə etdiyini göstərən bir dövlətə indi Avropa Birliyi maliyyə dəstəyi verir.

Doğrudur, məbləğ çox kiçikdir, nə qədər onun vasitəsilə inteqrasiya edə bilər, bu, ikinci söhbətdir. Lakin ən önəmlisi burada Brüssel rəsmilərinin tutduğu mövqedir. Onlar həqiqətənmi bu vasitə ilə Suriyada olan ermənilərin böyük əksəriyyətinin Ermənistana köçürülməsində maraqlıdırlar, həqiqətənmi o ermənilərin sonrakı dövrdə gəlib Qarabağda məskunlaşdırıldığını görmürlər? Bu sualların bizim tərəfimizdən cavabı bəllidir. Amma Qərb tərəfindən belə qeyri-müəyyəndir ki, bu gün Suriyadakı vəhşətin içərisindən qopanların müəyyən bir hissəsi mülki vətəndaşlar qiyafəsində müxtəlif ölkələrin içərisində yerləşirlər? Avropa Birliyinin bu prosesə maliyyə ayırması gələcəkdə terrorçu mənşəli adamların maliyyələşdirilməsi anlamına gələ bilər. Bu gün verilən həmin vəsait nəinki adamların təzədən fərqli bir sosial, ictimai mühitə uyğunlaşmağına əsas verə bilər, əksinə, tamamilə onların cinayətkar əməllərinin daha da böyük şəkil almasında rol oynayar".

Deputat bəyan etdi ki, Avropa Birliyi Azərbaycan əleyhinə regionda demoqrafik balans və yaxud hərbi-siyasi yöndə addımlar atmamalıdır: "Bu, bizim bir tərəfdən münasibətlərimizin ruhuna ziddir. İkincisi, bu bölgədə Qərbin dayaqları məhz Azərbaycandadır, Ermənistanda deyil. Paşinyan hökumətinə son veriləndə görəcəklər bunu. Açığı, indi Qərbin bəzi siyasətçilərinin özündə də eyforiya var. Onlar hesab edirlər ki, Rusiyanın pəncəsi altından Ermənistanı vurub çıxarmaq olar. Onlar çox naşıdırlar, Putini hələ tanımırlar. Avropa Birliyi bilməlidir ki, kənardan nə qədər erməni gətirib yerləşdirilsə belə, Ermənistan Qərbin ola bilməyəcək. Ona görə də bizim tərəfdən verilə biləcək addımlar siyasi müstəvidə ola bilər. Cavabdehlik məsələsində isə şübhəsiz ki, onlar bunu humanitar addım kimi izah edəcəklər. İndi absurd bir vəziyyət yaranır ki, Ermənistan az qala Suriyaya düşən paydan özünə götürür. Bu gün 300 milyard dollardan artıq vəsaitə ehtiyac duyan, bərpa üçün hər cür yardımı qəbul edə biləcək durumda olan Suriya xalqı ortada olduğu bir vaxtda, Ermənistan qaçqın adı altında Avropa Birliyindən yardım alır. Avropa Birliyi 380 milyon avro da nəzərə tutur ki, qarşıdakı dönəmdə Ermənistana kömək göstərsin. Məqsəd odur ki, inqilab ayaqda qalsın, yeni hökumətin anti-Rusiya mövqeyi müəyyən qədər güclənsin, Qərblə əlaqələr formalaşsın. Yekun etibarilə mən, ümumiyyətlə, düşünürəm ki, Ermənistan insan resursu problemini heç bir kənar axınlarla həll edə bilməz. Sadə vətəndaşların qoyub getdikləri ölkəni kənardan gələnlər tutub yaşayası deyillər. Suriyadan gələn erməni səngərdə manvel qriqoryanlar üçün döyüşməyəcək. Kənardan gələnlər neçə dəfə köçkün olmaq istəyərlər ki? Kənardan gələn ermənilərin Qarabağda real savaşacaqları mənə inandırıcı görünmür. Monte Melkonyan və sair nümunələri 1989-cu il, 1990-cı ilin ilk illərində idi və o dövr ayrı dövr idi. İndi ümumxalq mübarizələrini yerli vətəndaşlar aparmadığı halda Suriyadan qopub gələn adamların onlarla çiyin-çiyinə döyüşəcəkləri o qədər real görünmür. Amma bununla belə, biz arxayınçılıq mövqeyi tutmalı deyilik. Ermənistan istəyəcək ki, Qarabağda müharibə başlayacağı halda Suriyadan gələn ermənilər də döyüşlərdə iştirak etsinlər. Onlara qurbanlıq qoyun kimi baxacaqlar. Ona görə də biz gərəkən addımları atmalıyıq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, söhbət Ermənistana ayrılan maliyyənin məbləğinin azlığında-çoxluğunda deyil. Əsas diqqət ayrılmalı və etiraz edilməli məsələ Avropa Birliyinin beynəlxalq qanunlara, hüquq normalarına hörmətsizliyidir: "Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz köçürmə etməklə, o cümlədən Suriyadan erməniləri köçürməklə beynəlxalq normaları pozur. Hətta Minsk Qrupu da bir neçə dəfə Ermənistanı bu hərəkətlərdən çəkinməyə çağırıb. Deməli, Avropa Birliyi bilərəkdən ermənilərin qanunsuz hərəkətlərinə dəstək verir, onların qeyri-qanuni hərəkətlərinə bəraət qazandırır. Azərbaycan bu məsələni sərt şəkildə qaldırmalı, Avropa Birliyinin bu hərəkətlərini hətta beynəlxalq məhkəməyə, məsələn, Haaqa Məhkəməsinə qaldırmalıdır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook