Zakir Həsənov Qarabağdakı separatçılara tətbiq oluna biləcək amnistiya şərtlərindən danışıb
İyun 01
13:12
2023
Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini "parlament”, "prezident”, "nazir”, "deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən təlim-metodiki toplanışda iştirakçıların diqqətinə çatdırıb.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplanışla bağlı rəhbər heyətin məruzələrini dinləyərkən Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyini qeyd edib.