SON XƏBƏR

Zamanını qabaqlayanların birincisi – Akademik Xudu Məmmədovun anım günüdür

Oktyabr 16
06:53 2022
15 oktyabr Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədovun (14 dekabr 1927– 15 oktyabr 1988) dünyasını dəyişdiyi gündür.

Filosof Səlahəddin Xəlilov "Öncə öz millətim üçün!” başlıqlı məqaləsində müəllimi haqqında yazır:

"Mən Xudu Məmmədovdan kristalloqrafiyadan daha çox, yaradıcı təfəkkür üsullarını, adi görünən şeylərə fərqli baxış imkanlarını öyrənmişəm. Xudu müəllimin standartlardan, bəzən hətta mövzudan kənara çıxması, tez-tez diqqəti adi şüur səviyyəsində məsələlərə yönəltməsi düşümnək, düşündürmək, suallar qoymaq vərdişi aşılaması-bütün bunlar dəyərini indi anadığımız böyük bir yaradıcılıq məktəbi idi. Əlbəttə ki, Müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, müəllimlik və alimlik tam müstəqil fəaliyyət sahələri kimi bir-birini tamamlasın? Axı, əsl müəllim heç də yalnız hazır biliklərin mənimsədilməsi ilə kifayətlənməməli, tələbələrə həm də yeni bilik axtarılması yollarını öyrətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə etmədən, tələbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni, qeyri-ənənəvi vəziyyətlərdə çıxış yolu tapa bilməyəndə durğunluğun, ətalətin, ehkamçılığın daşıyıcısı olar. Xudu Məmmədov tələbələrinə hansı isə hazır biliklərdən daha çox, istənilən məsələyə elmi yanaşmanın-alimliyin yollarını öyrədirmiş.”

Bəli, Ali təhsilin əsas problemi elə bundan ibarətdir.

"Bir dəfə Qarabağda olayların kəskinləşdiyi bir zamanda axşam ziyalılar Filarmoniyaya yığışır. Hamı danışır, biri Londondakı xalçamızdan, biri Gürcüstandakı Gəncə qapısından, biri əlifbamızdan, bir sözlə, hamı danışır. Axıra yaxın rəhmətlik Xudu müəllim əlini qaldırıb söz istəyir və deyir ki, ay yoldaşlar, ay qardaşlar, mənim sizə bir sualım var. Məgər siz Qarabağ adında od tutub yanan saman tayasını keçirtdinizmi ki, indi də xalçadan, Gəncə qapısından, əlifbadan danışırsınız.” Bəli, böyük alimimiz Qarabağdan nigaran getdi.

Və onun altı möhtəşəm aforizmi:

"Azərbaycan adlı millət yoxdur, bu millətin adı türkdür.”
"Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.”
"İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.”
"Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum.”
"Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. "Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.”
"Vəzifə verirlər, sonra iş axtarırlar…”

P.S. Ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə övladına əsl türk soyadı, Toğrul Məmməd yazdıran da Xudu Məmmədov idi. O, öz zamanını qabaqlayanların da birincisi oldu.

Etibar Əliyev, deputat


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook