Zərdüşt Əlizadə: "Elçibəy "tutulmayan oğru deyil” deyiminə uyğun hərəkət edirdi"
İyul 18
10:58
2023
Əmin idim ki, belə əyri təməllə yaradılan AXC heç vaxt ülvi amallara xidmət edə bilməyəcək
Zərdüşt Əlizadə
AXC MTM-in (Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzi) güdülməsi şübhə doğurmurdu. Hakimiyyət bizə təsis konfransını keçirməyə hər vəchlə mane olurdu. Məcbur olub kiçik bir qrup yaratdıq və təsis konfransı üçün yer tapmağı onlara həvalə etdik. Danışdıq ki, konfransın yeri barədə məlumatı başlanğıca bir saat qalmış xəbər versinlər. Yer tapmaq məsələsini öz üzərinə şair Ağamalı Sadiq Əfəndi götürdü.
Ağamalı bəy çox səmimi və sadədil insan idi. Sadəliyi o həddə çatırdı ki, bəzən hiylə işlətmək istədikdə belə, hiyləsi uşaq hiyləsinə bənzəyirdi. Siyasətdən uzaq olan Ağamalı bəy AXC-nin proqram sənədlərini hazırlamış adamlara böyük hörmət bəsləyirdi və onlardan həmişə nə isə qeyri-adi bir möcüzə gözləyirdi. Hərdən mənə yan alır və səsini alçaldıb soruşurdu:
– Bəy, yeni bir konsepsiya varmı?
– Hələ yoxdur, – cavabını eşitcək təmkinlə aralanırdı, sanki göstərirdi ki, mən uşaq deyiləm, anlayıram ki, yeni konsepsiya üçün vaxt lazımdır.
Sadədil Ağamalı bəy mənə hədsiz hörmət və etibar əlaməti kimi dəhşətli sirri bir gün qalmış açdı: sən demə, o, 8-ci mikrorayonda, özünün yaşadığı məhəllədə hansısa kişi ilə sövdələşib ki, camaat arasında "xeyir-şər” yeri deyilən xudmani bir zalı sünnət toyu üçün icarəyə götürsün. Təxminən 100 adamı tuta biləcək bu zal ilk baxışdan divar əvəzinə dəmir tor ilə əhatələnmiş tövləyə bənzəyirdi. Bunu eşitcək qanım daha da qaraldı. "Sünnət toyu” onsuz da əvvəli nəhs başlamış AXC üçün bir az da alçaldıcı və təhqiramiz görünürdü.
Təsis konfransı iyulun 16-na təyin olunmuşdu. İyulun 15-də mən və Leyla Yunusova Yusif Səmədoğlunun evinə getdik. Biz onu xəbərdar etdik ki, mən onun namizədliyini AXC sədrliyinə irəli sürəcəyəm. Dedim ki, İsa və tərəfdarları Əbülfəz Əliyevin namizədliyini verəcək. "Yusif bəy, mən o tayfanı tanıyıram. Çığıracaqlar, bağıracaqlar, masanın üstünə çıxacaqlar, hədələyib təhqir edəcəklər. Siz heç nəyə fikir verməyin, sakitcə oturub gözləyin. Mən konfransın iştirakçılarının tərkibini və ovqatını təxminən bilirəm. Siz səsverməyə qədər dözsəniz, namizədliyinizi geri götürməsəniz, AXC-nin sədri siz seçiləcəksiniz. Təmiz seçkidə sizin qələbəniz şəksizdir”.
Yusif bəy həyat yoldaşı Nəmidə xanımın hüzurunda bizə söz verdi ki, Əbülfəz Əliyevin tərəfdarlarının heç bir təxribatına məhəl qoymayacaq və namizədliyini geri götürməyəcək.
AXC veteranları cari vəziyyətin əsas məsələləri ilə bağlı qətnamə layihələrini yazıb qurtardı, təşkilat qrupu rayonlarda konfranslarda nümayəndələrin seçildiyini və iştiraka hazır olduğunu məruzə etdi və… iyulun 16-sı gəlib çatdı.
Konspirasiya həqiqətən əla alındı. Hakimiyyəti aldatmaq üçün biz bəzi üzvlərimizə deyirdik ki, konfrans mənim atamın Bilgəhdəki bağında, bəzilərinə isə deyirdik ki, Ağacavad Salamovun bağında keçəcək. İki rayondan nümayəndələr həqiqi yer barədə məlumat ala bilmədiklərinə görə iyulun 16-da xarüqəladə səylər nəticəsində bizim bağların ünvanını tapıb oraya çaparaq çatmış və bizim ailə üzvlərimizi burada keçirilən konfrans xəbəri ilə xeyli təəccübləndirmişdilər.
Konfransda, təbii ki, mandat komissiyası işləyirdi. Mən xeyli tanış olmayan sifət görüb əvvəl təəccübləndim, sonra isə sevindim ki, təşkilat böyük sürətlə artır deyə, mən heç də hamını tanıya bilmirəm. Rəyasət heyəti seçildi. İclasın sədrliyini Yusif Səmədoğlu apardı. Sənədlər paylandı. Heç kim müfəssəl müzakirəyə həvəs göstərmədi. Mən sadəlövhlüklə özümə bunu sənədlərin kamilliyi ilə izah etdim. Məramnamə və Nizamnamə çaparaq, ildırım sürətilə təsdiq edildi. Həmçinin qətnamələrin mətnlərinə irad tutan olmadı. Onlar da qəbul edildi.
Ətraf binaların sakinləri narahat olmağa başladı. Xeyli naməlum adam, əksəriyyəti əyalət kişisi, xeyir ola? Görünür, milisə zəng vurdular, bir azdan tövlə zalımızı milis nəfərləri əhatəyə aldı. Biz halımıza təfavüt etmədən iclasımıza davam etdik. Mən bir az nəfəsimi dərmək üçün çölə çıxdım. Milis leytenantı olan dayım oğlu Ayaz mənə yaxınlaşdı və təlaşla:
– Nə baş verir?-soruşdu.
– Narahat olma, bunlar hamısı mənim adamlarımdır,-dedim.
Bu mükalimənin absurd səciyyəsini tam anlayırdım. Lakin bu absurdu respublikanı idarə edən zümrə yaratmışdı, mən yox.
Bir azdan Bakı şəhər Partiya Komitəsinin katiblərindən biri – Svetlana Çingizovna Qasımova gəlib çıxdı. Bəstəboy, girdəsifət bu xanımın üzündən dərin bir narahatlıq oxunurdu. Mən anladım ki, konfransın dağıdılması ilə bağlı qərar məsuliyyətini bu xeyirxah xanımın boynuna atıblar. Onu qarşılamağa Yusif Səmədoğlu, İsa Qəmbərov və mən çıxdıq. Svetlana xanım Yusif bəyi görcək qanı lap qaraldı və o, Azərbaycan sovet ədəbiyyatının rəsmi rəmzinin oğluna dərin kədərlə baxdı. Mən düşündüm ki, Yuliy Sezar da onu xəncərlə vuran Bruta belə gözlə baxırmış.
– Nə üçün siz belə…-deyə o, əlilə tövləni göstərib təngnəfəs başladı.
– Biz ki, rəsmən sizdən abırlı zal istəmişdik.
– Yox, istəməmişdiniz.
– İstəmişdik, lakin sizdən yox, Vəzirovdan.
-İstəsəydiniz, biz verərdik.
-Elə bilin indi istəyirik, hara lazımdır zəng vurun, budur, milis avtobusları durur, minib gedərik və konfransımızın sonunu Kirov adına siyasi maarif evində keçirərik, – dedim.
Bu məqamda Svetlana xanım özünü itirdi.
-Siyasi maarif evinin direktoru bağdadır, açarlar da ondadır, – deyərək, özünü dərsini öyrənməmiş və bəhanə uyduran şagird kimi apardı.
– Deməli, AXC-nın təsis konfransını biz bu tövlədə belə başa vurmalıyıq. Gəlin, qonağımız olun – dedim.
Katib könülsüz tövlə-zala bizimlə getdi və ön sırada əyləşdi. O saatdaca "harınlamış durğunluq partokratları”na yaylım atəşi açıldı və qonağımız böylə ağır ittihamlara cəmi beş dəqiqə dözə bildi, ayağa qalxdı və xudahafizləşib getdi.
"Axı mən Svetlana xanımı, qiyabi də olsa, yaxşı tanıyıram. Çox savadlı, çox təmiz və bacarıqlı bir insandır. Partiya ən yaxşı insanların başına niyə belə oyun açır…”-düşünərək partiyamın liderlərindən birini gözümlə yola saldım.
Elə bu vaxt zalda qəribə hadisələr baş verməyə başladı. Hansısa gənclər ayağa qalxıb rəyasət heyəti oturan masanın önünə keçdilər və ermənilərə lənət yağdırmağa başladılar.
– Siz proqram üzrə çıxış etmək istəyirsiniz?- deyə mən bu cavanların birindən soruşdum.
– Yox.
– Əgər proqram üzrə çıxışınız yoxdursa, xahiş edirəm öz yerinizə qayıdın.
O dövrdə ermənilərə lənət yağdıranların sözünü kəsmək milli xəyanətə bərabər tutulurdu. Sir-sifətindən əyalət əhli olduqları bilinən naməlum gənclər mənə qəzəblə baxmağa başladılar. Mən belə adamların AXC təsis konfransına necə düşdüklərini özüm üçün aydınlaşdırmaq qərarına gəldim.
Siz hansı rayon təşkilatından seçilmisiniz?- deyə mən hamıdan çox bağıran gəncdən nəzakətlə soruşdum.
Gənc özünü itirdi. Tərəddüdlə "Kirov rayonundan” dedi. Mən Kirov rayonundan seçilmiş cəbhəçi dostum Füzulidən soruşdum:
– Bunu siz seçmisiniz?
– Yox, bizim təşkilatda beləsi heç yoxdur.
Onda mən yenə gəncdən soruşdum:
– Siz Kirov rayonundan seçilməmisiniz. Hansı rayondan seçilmisiniz?
– Qaradağdan.
Qaradağ rayonundan olan cəbhəçiləri də tanıyırdım. Gənci göstərib soruşdum:
– Sizin rayondan seçilib?
– Yox, bəy, biz onu tanımırıq. Bizim konfrans onu seçməyib.
Mən ayağa qalxdım və üzümü zala tutub ucadan dedim:
Mən mandat komissiyasından tələb edirəm ki, bütün nümayəndələrin mandatlarını təkrar yoxlasınlar. Bizim konfransa saxta mandatlı adamlar salınıb.
Hay-küy qopdu. Bir dəstə gənc elə bağırırdı, sanki onlar stadionda, futbol oyunundadırlar. Təsis konfransının pozulması və baş tutmaması təhlükəsi yaranırdı. Buna yol verməmək üçün AXC-nin rəhbər orqanlarına seçkiləri tez keçirmək və konfransın işini qurtarmaq qərarına gəldik. Gəldik deyəndə Əlaqə Şurasının ən fəal üzvləri nəzərdə tutulur. Sədrin seçilməsindən başladıq.
Rəhim Qazıyev Əbülfəz Əliyevin namizədliyini irəli sürdü. Mən Yisif bəyi namizəd göstərdim. İsa Qəmbərov Yusif Səmədoğluna yaxınlaşıb dedi:
Yusif bəy, sizin namizədliyiniz müzakirə olunur, sizin iclasa sədrlik etməyiniz etikaya ziddir. Sədr yerini müvəqqəti olaraq mənə verin.
Yusif Səmədoğlu dinməz durub yerini İsa Qəmbərova verdi. İsa öz sədrliyinə ondan başladı ki, dalbadal Əbülfəz Əliyevin məddahlarına söz verməyə başladı. Mən heyrətlə bu çirkli oyuna tamaşa edirdim.
"Əbülfəz bəy böyük vətənpərvərdir!”, "Böyük dissidentdir!”, "Xalq naminə məhbəsə atılıb!” Daha nələr, daha nələr… Mən dözməyib yerimdən İsanın üstünə çığırdım:
İsa, Yusif bəyin tərəfdarlarına da bəlkə söz verəsən?
İsa dinməz Yusif bəyin bir tərəfdarına söz verdi, sonra yenə Əbülfəz bəyin tərifi başladı. Artıq mandatlarının saxta olduğu aşkar olmuş əyalət gəncləri ayağa qalxıb bağırmağa başladılar:
-Ə-bül-fəz! Ə-bül-fəz!
Vəziyyət gərginləşirdi. İclas millətin müqəddəratını təyin edəsi təşkilatın təsis konfransından daha çox futbol azarkeşlərinin bağırdığı stadiona bənzəməyə başladı.
Burada, mən ehtiyat etdiyim hadisə baş verdi. Yusif Səmədoğlu ayağa qalxıb:
Biz AXC-ni xalqı birləşdirmək üçün yaradırıq. Belə isə biz onu parçalayırıq. Məgər sədr məqamı dəyərmi ki, biz özümüzü belə aparaq? Mən öz namizədliyimi geri götürürəm.
İsa Qəmbərov sanki bunu gözləyirmiş kimi:
– Səsverməyə keçirik- dedi.
– İsa, sən iclasa sədrlik edirsən, ya nə? Bu, nə özbaşınalıq və biabırçılıqdır? Bağıranların səsini niyə kəsmirsən?
Bu zaman hüquqşünas Fuad Ağayev üstümə yeridi:
Namizədlərdən biri könüllü geri çəkildi. Sənin etiraz üçün əsasın yoxdur.
Səsvermədə alternativsiz namizəd Əbülfəz Əliyevin lehinə 70, əleyhinə 11, bitərəf 20 nəfər oldu. Mən, ümumiyyətlə, səsvermədə iştirak etmədim. Belə ülvi amallarla yaratmağa çalışdığım təşkilatın təsis konfransı açıq-aşkar saxtakarlıq və fırıldaqla keçirdi. İsa İdarə Heyətinin üzvlərinin təklif edilən siyahısını oxudu. Ağıllı və savadlı Nəriman Zülfüqarovun yerinə o zaman onun kölgəsi sayılan Pənah Hüseynovun adını oxudu. Bu məqamda da razılaşmanı pozdu. Belə tərkibli konfransda bunun üçün də onunla mübahisə etməyin, hansısa razılaşmaların olduğunu xatırlatmağın mənası yox idi. Eləcə də siyahı ilə AXC Məclisinin və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin adlarını oxuyub siyahı ilə səsə qoydular və konfrans çaparaq sona yetdi.
İnsanlarda belə yanılmağım mənə ağır gəlirdi. O biri tərəfdən, mən həyata daim nəzəri əsaslardan yanaşdığımdan əmin idim ki, belə əyri təməllə yaradılan AXC heç vaxt ülvi amallara xidmət edə bilməyəcək. Əyri təməlin üstündə ucaldılan divar mütləq uçacaq! Dialektikadan bilirdim ki, məqsəd ilə ona aparan əməllər vəhdət təşkil edir, heç zaman əyri yollarla düz məqsədə çatmaq olmaz.
Millətçi cəbhəçilər xalq üçün çox böyük bir işi balaca fırıldaqdan başlamaq istəyirdilər. Mən əmin idim ki, bu kiçik fırıldaq böyük faciə və məğlubiyyətlərin əsasını qoyur. AXC daha heç vaxt öz siyasi rəqiblərinə mənəviyyat sahəsində qalib gələ bilməyəcəkdi, zira onun mənəvi saflığı bu təsis konfransında çirkaba bulaşdırılıb ayaqlar altına atıldı.
Universitetdə ilk dayaq dəstəsini yaratmış və AXC üçün olmazın əziyyət çəkmiş xanımım ertəsi gün mənə ehtiyatla dedi:
– Kafedra müdirim dedi ki, Əbülfəz Əliyevin sədr seçilməsi AXC-nin məhvinin başlanğıcı deməkdir.
– Mən belə düşünmürəm, – dedim. Sanki ondan çox özümə təskinlik verirdim – mən konfransın sənədlərinin yoxlanmasını və nəticələrin ləğvini tələb edəcəyəm.
Səhərisi gün yeni seçilmiş İdarə Heyəti toplananda məlum oldu ki, AXC təsis konfransının sənədləri … itib. Təşkilatı məsələlərə cavabdeh bəylər hamısı məsuliyyəti bir-birinin üstünə atıb "sənədlərdən xəbərimiz yoxdur,”-dedi. Dairə qapandı.
Sovet dövründə seçkilərin gedişini və həqiqi nəticələrini cəmiyyətdən gizlədərdilər. AXC öz təsis sənədlərini xalqdan gizlətdi. Sonrakı dövrdə də bütün seçkilərin sənədləri xalqdan gizlədildi. Mən deyərdim ki, müstəqil Azərbaycanda seçki saxtakarlığının bünövrəsini məhz demokratikliyə iddia edən AXC millətçiləri qoydu. Odur ki, onların ahu-zar etməyə, müstəbid və fırıldaqçı hakimiyyətin saxta seçkilərinə etiraz etməyə mənəvi haqqı yoxdur. Müstəqil Azərbaycandakı bütün seçkilər Əbülfəz Əliyevin 16 iyul 1989-cu il AXC-yə sədr seçilməsinin tayıdır. Və necə ki, indiki hakimiyyət törətdiyi seçki fırıldaqlarını danır və özünü bilməzliyə vurur, eynilə də AXC baniləri təsis konfransında Əbülfəzi sədr vəzifəsinə gətirmək üçün əl atdıqları fırıldağı danırlar.
Soruşa bilərsiniz ki, bəs Əbülfəz Əliyev özü nə edirdi? Susub əlaltılarının dələduzluğuna tamaşa edirdi və "tutulmayan oğru deyil” deyiminə uyğun hərəkət edirdi. Heç vaxt özünün və dələduz əlaltılarının nəzarət etmədiyi seçkilərə qatılmayacaqdı. Bircə dəfə məcbur etdilər, uduzdu və tövbə etdi.
Təsis konfransında nə baş verdi? Birincisi və başlıcası, AXC onu AKP-dən fərqləndirən və ayıran ən mühüm üstünlüyünü itirdi. AXC daha, Ağacavad Salamovun Vəzirovla görüşdə dediyi kimi, "bihesablıq” etmədiyini iddia edə bilməzdi. Yəni AXC öz tarixini fırıldaq və saxtakarlıqdan başlayıb öz əxlaqi-mənəvi üstünlüyünü itirdi. İkincisi, AXC liderliyinə onun təsisçilərinin ciddi-cəhdlə işləyib hazırladıqları amallara tamamilə yad olan insan gəldi. Üçüncüsü, AXC bu andan sonra demokratiya və Vətən naminə deyil, nomenklatura mafiyasının hakimiyyətə qayıtması naminə mübarizə aparacaq təşkilata çevrildi. Bunu cəbhədaşlarım öz cahilliklərindən anlamırdılar, lakin mən anlayır və açıq deyirdim. Əvəzində İsadan "sən peyğəmbər kimi təmiz adama böhtan deyirsən” ittihamını eşidirdim.
Bir qrup millətçi dəstə Əbülfəz Əliyevi AXC-yə sədr sırıyandan sonra Əlyazmaları İnstitutunun direktoru Cahangir Qəhrəmanov mənə gülə-gülə dedi: "Mən bu kişini şöbə müdiri qoymuşdum ki, yazığın maaşı artsın. Bir ilə şöbəni elə günə qoydu ki, çıxarası oldum. Vay sizin halınıza!”
Gün keçdi, il dolandı, mənim bədbin öncəgörmələrim çin çıxdı. Lakin hətta bu acı həqiqət bəzi bütpərəstləri öz qondarma və eybəcər bütünə sitayiş etməkdən çəkindirə bilmədi. O da həqiqətdir ki, onların bu "sədaqət”inin Azərbaycanda vaqe olan hadisələrə artıq zərrə qədər təsiri yoxdur. Əbülfəz Əliyevin pərəstişkarları cəmiyyətin lağa qoyduğu kiçik marjinal təriqətə çevrilmişlər.
ORDUBADLILARIN ÇAYXANASI
1989-cu ilin yazında mən AXC-nin dayaq dəstəsini təşkil etmək məqsədilə qonşum Rasidlə iki dəfə onun doğma rayonu İsmayıllıya getmişdim. Onun əsli Basqaldan idi, ali məktəbdə müəllim işləyirdi və Qarabağa ürəyi yanırdı. Eşidəndə ki, İsmayıllıya getməliyəm, öz maşınını və xidmətini təklif etdi. Rasid məni İsmayıllı rayonunun hakimi Tahir Kərimli ilə tanış etdi. Bu Tahir Kərimli çox qeyri-adi hakim idi, "Azərbaycan” sözünü eşitcək gözləri az qala yaşla dolurdu. Bu hədsiz vətənpərvər adam Vətən üçün əlindən gələni etməyə hazır idi. Biz onun evində Rasidlə dadlı qayğanaq yeyə-yeyə çox maraqlı əhvalatlara qulaq asdıq. O cümlədən Tahir bəy qürurla dedi ki, azərbaycanlıların Ermənistandan tam köçürülməsini eşitcək tez yük maşınlarından karvan təşkil edibmiş və bir neçə günün içində İsmayıllı rayonunun ərazisində yaşayan 14 min ermənini respublikadan köçürübmüş. "Yanıma İvanovka kəndinin kolxoz sədri Nikitin gəldi və çox xahiş elədi ki, dinc ermənilərə dəyməyim. Dedim ki, əsrin əvvəlində Şamaxıda dinc əhalini qırdılar, bağışladıq. İndi isə bağışlamırıq. Molokanlara ki, dəymirik, narahat olmasın, amma bizim ermənilərlə münasibətlərimizə qarışmasın. Erməni kəndliləri nələri vardısa, üç günə dəyər-dəyməzinə satıb maşınlara doluşdular və heç bir ölüm-itim olmadan İsmayıllını tərk etdilər.”
Onun bu hekayəti zamanı mənim yadıma Harri Kasparovun "Qarabağ erməniləri hərəkata başlayanda Bakı erməniləri haqqında düşünməmişdilər” sözləri düşdü. Əminəm ki, 1988-ci ilin soyuq qarlı günlərində azərbaycanlıları və müsəlman kürdləri yurd-yuvasından qovan erməni millətçiləri də heç zaman qonşu Azərbaycanda, öz doğma torpağında yaşayan sadə erməni kəndlilərini düşünməmişdilər.
Rasid mənim fəaliyyətimi yaxından izləyirdi. Eşidəndə ki, təsis konfransı keçiriləcək, məndən bir dənə nümayəndə mandatı xahiş etdi. Mən bu xahişi rədd etdim və dedim ki, Nizamnaməyə görə mandat yalnız ilk dayaq dəstələrindən rayon şöbələrinin konfranslarına, oradan da AXC təsis konfransına seçilmiş cəbhəçilərə verilir. Rasid heç nə demədi, hərçənd hiss etdim ki, bir balaca incidi.
Konfransdan iki gün sonra Rasid məni həyətdə qarşılayıb aşkar narazılıqla dedi: "Rayona getmək lazım gələndə Rasid sizə yarayır, konfransa mandat vermək lazım gələndə yada Nizamnamə düşür?” Qonşum heç vaxt mənimlə belə tərzdə danışmamışdı. Təəccübləndim və soruşdüm: "Nə olub ki?” "Heç nə. Bizim institutda bir rüşvətxor və anonim məktub ustası var. Qanmazın biridi, dünyada onu puldan başqa heç nə maraqlandırmır. Xalq Cəbhəsi nədir, soruşsan, deyər ki, İkinci cahan müharibəsi vaxtı olan şeydir. Dünən gəlib işdə şövqlə danışır ki, AXC təsis konfransında iştirak edib. Məni od vurdu, soruşdum ki, sən ora necə düşmüsən? Dedi ki, heç, ordubadlıların çayxanasında oturmuşduq, bir yerli gəlib dedi ki, sabah bizim Əbülfəzi sədr seçmək lazımdır, alın mandatları, filan yerə gələrsiniz, Əbülfəzə səs verərsiniz. Biz 25 nəfər getdik ora, mən hətta orada çıxış edib Əbülfəzi təriflədim də…”
Qonşuma deməyə sözüm yox idi. Nə deyəydim? Deyəydim ki, Vətən naminə dələduz və vicdansız adamlarla bir təşkilat yaratmışam? Deyəydim ki, onlar hər addımda məni də, xalqımı da aldadıb öz məqsədlərinə xidmət edirlər? Deyərdi ki, mən səni ağıllı adam sayırdım…
Həmin Əbülfəz bəyin Musa adlı məddahı 1992-ci ildə Heydər Əliyevə dəstək məktubu yazan "91-lər”dən biri oldu. Fəqət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gözlədiyi vəzifə ənamını ala bilmədi. Ona hətta deputat mandatı da nəsib olmadı.
1995-ci ildə məni YAP-ın qurultayına qonaq dəvət etmişdilər. Respublika sarayında həmin bu Musa ilə yanaşı əyləşmişdik. Əli Nağıyev məruzə edirdi. Musa ona nifrətlə baxıb hiddətlə deyinirdi: "Buna bax, gör necə də xalqdan danışır. Əlində 7 dənə vəzifə cəmləşdirib. Demir ki, birini də Musaya verim, o da dolansın…”
Xalqdan söz düşmüşkən, xalq mən biləni bilmirdi, açığını desəm, heç bilmək də istəmirdi və qeyri-adi ruh coşqunluğu hiss edirdi. Etibar Məmmədov və Mehdi Məmmədov Azadlıq Radiosu vasitəsilə Azərbaycanın bütün azadlıqsevərlərinə AXC-nin yaranması muştuluğunu verdilər. Xəbər verdilər ki, Əbülfəz Qədirqulu oğlu Əliyev AXC-nin sədri seçilib. İdarə Heyətinin 15 üzvünn adlarını sadaladılar: Leyla Yunusova, Tofiq Qasımov, Sabit Bağırov, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Hikmət Hacızadə, İsa Qəmbərov, Nemət Pənahov, Rəhim Qazıyev, Etibar Məmmədov, Sülhəddin Əkbərov, Ələkrəm Hümmətov, Canbaxış Ümidov, Pənah Hüseynov və Zərdüşt Əlizadə. Nəzarət-Təftiş komissiyasına 5 nəfər, o cümlədən Ağacavad Salamov, Məmmədhəsən Qəmbərov və Becan Fərzəliyev üzv oldu. AXC MTM-in digər üzvləri və əyalət təşkilatlarından olan bir neçə fəal AXC Məclisini təşkil etdilər.
Yeri gəlmişkən, atalar sözü var, "cidanı çuvalda gizlətmək olmaz”, vaxt keçdikcə peşəkar saxtakarlar sayıqlıqlarını itirib ağızlarından həqiqəti qaçırırlar. Hadisənin üstündən iyirmi ildən artıq keçəndən sonra Rəhim Qazıyev etiraf edir ki: "Mənim adım heç İdarə Heyətinə düşənlərin siyahısında yox idi. Tələbələrim tələb edib məni İH-nə saldılar”. Nə gözəl etiraf! Millət fədaisindən soruşan gərək: sənin konfransa təsir edə biləcək sayda tələbən necə gəlib AXC-nin təsis konfransına düşmüşdü? Çayxanaya toplaşmış ordubadlıların "seçildiyi” yolla?
O dövrdə mən tez-tez çıxışlarımda qeyd edirdim ki, AXC quşa bənzəyir, başı və bədəni Bakıda, qanadlarından biri Naxçıvanda, ikincisi Lənkərandadır. Məhz bu iki bölgədə AXC-nin yerli təşkilatları hakim AKP-nin yerli təşkilatlarını özləri ilə hesablaşmağa məcbur edə bilmişdilər. AXC-nin Gəncə, DQMV, Yevlax, Bərdə, Qazax, Sabirabad, İsmayıllı, Tovuz, Şəki və Mingəçevir təşkilatları yerli partiya komitələrini özləri ilə hesablaşmağa məcbur edə bilməmişdilər. İllər keçəndən sonra bir dəfə ADU-nun riyaziyyat fakultəsinin müəllimi Firuz müəllim məndən soruşdu:
– Sən düşünmüsənmi, nəyə görə məhz Naxçıvan və Lənkəranda AXC belə tez güclənə bildi?
– Sözün düzü, bunun səbəbini mən tam aydın bilmirəm.
– Səbəblər barədə düşünəndə, bir mümkün səbəbi də unutma: Naxçıvan Heydər Əliyevin vətəni və istinadgahı, Lənkəran isə onun ən güclü kadrlarından olan İsa Məmmədovun uzun illər birinci katib işlədiyi rayondur.
Təsis konfransında təşkilatın adı qəti müəyyənləşdi: Azərbaycan Xalq Cəbhəsi. Bu dövrə qədər Estoniyadakı kimi rayon və şəhər təşkilatlarını da Xalq Cəbhəsi adlandırmaq təklifi müzakirə edilirdi, məsələn, Mingəçevir Xalq Cəbhəsi. Əyalət xalq cəbhələri AXC-nin şöbəsi statusu qazandı, sədrləri isə idarə heyətləri seçməyə başladı.
Təsis konfransından əvvəl və ta oktyabr ayına qədər olan müddətdə mən naxçıvanlı cəbhəçilər Sülhəddin və Sərdarla dostcasına münasibətdə idim. Bu iki dostun ikisi də patoloqoanatom, sadə xalq dili ilə desək, ölüyaran idi. Onların aşıb-daşan enerjisi və nikbinliyi mənim xoşuma gəlirdi. Sülhəddin bəy hətta bir neçə dəfə iclaslarımız gec qurtaranda və Sumqayıta, bacısıgilə getməyə macal olmayanda mənim mənzilimdə də gecələmişdi. Böyük oğlumun "Sülhəddin əmi”dən çox xoşu gəlirdi və sevinirdi ki, xalqımızda belə adamlar var.
Ziyalılarda xalq qarşısında hansısa yerinə yetirilməmiş borc hissi var. Bu ödənilməmiş borca görə ziyalılar daxilən özlərini günahkar sayırlar. Eynilə avropalılar vaxtilə müstəmləkə olmuş Afrika və Asiya xalqlarının nümayəndələri qarşısında özlərini günahkar sayıb onların istənilən səhv hərəkətələrinə bəraət qazandırırlar. Bundan başqa, ziyalılar "köklü millətçilər” ə daima heyran qalırlar. Mən bu heyranlığa sadə izah tapmışam. Təsəvvürünüzə gətirin ki, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan, tutalım ki, Qabona bir fransız tədqiqatçısı gəlir. Ölkə qaynayır, o cümlədən kəskin ideoloji mübarizə gedir. Bir cinahda Sorbonna universitetinin məzunu dayanıb təkamül və milli barışın, o cümlədən müstəqil Qabon üçün Fransa ilə sıx əməkdaşlığın qorunmasının vacibliyindən danışır. Onun ətrafında kiçik bir qrup Avropasayaq düşünən ziyalı toplaşıb. Əks cinahda isə pələng dərisinə bürünmüş qəbilə başçısı durub cinsi qüdrət sayəsində qabonluların fransızlardan, zəncilərin isə ağdərililərdən üstün olması barədə nəzəriyyəni təbliğ edir, bütün fransızları "çıxdıqları yerə qədər” qovmağa çağırır. Onun ətrafında bu dərin fikirləri ürəkdən bəyənən möhtəşəm bir kütlə toplaşıb öz rəhbərinə büt kimi baxır. Sorbonnalı köynək və şalvarda, qəbilə başçısı – pələng dərisində, ətrafında isə mahnı oxuyub durmadan rəqs edən qabonlular… Avropa ziyalısı kimə valeh olacaq? Adidən də adi Sorbonna məzununa? Yoxsa bənzərsiz qəbilə başçısına? Cavab aydındır. Politoloq-etnoqraf qayıdıb hesabatında yazacaq ki, Sorbonna məzunu xalqdan tam uzaq və yad bir vücuddur, qəbilə başçısı isə xalqın üzvi hissəsi və həqiqi təmsilçisidir. Siyasi və məfkurə mübarizəsində qəbilə başçısı qalib gələcək və Qabonu xalqı ilə birlikdə məlum uçuruma aparacaq. Fəlakəti Qabon (Azərbaycan, erməni, gürcü, həbəş və s.) xalqlarının mental xüsusiyyətlərinin ayağına yazacaqlar. Ölkələr müxtəlif, fəlakətlər eyni, qazananlar eyni, izahat verən və KİV-də işıqlandıranlar eyni. Bu eyniliklərlə müqayisədə müxtəlifliklərin nə əhəmiyyəti var?
Sədr və onun əlaltıları mənə qulaqburması vermək və ağzımı yummaq üçün bir DTK-sayağı əməliyyat keçirmək qərarına gəldilər. Mən hey israrla deyirdim ki, AXC-yə ləkə olan saxta mandat və biabırçı seçki məsələsini sentyabrda çağırılması planlaşdırılan qurultayda mütləq müzakirə etmək lazımdır.
Təsis konfransından bir neçə gün sonra məni Montində bir təmir-tikinti trestinin dayaq dəstəsinin təsis yığıncağına dəvət etdilər. Baxmayaraq ki, təsis konfransında millətçi qanad fırıldaqla sədr vəzifəsini ələ keçirə bilmişdi, yerlərdə AXC hələ də "yenidənqurmaya dəstək” ideyası ilə formalaşırdı. Təsisçilərin təşkilat üçün çızdıqları nəqşə hələ də işləyirdi: AXC konkret müəssisədə öz işini sağlam əsaslarda yenidən qurmaq istəyən şüurlu vətəndaşların yaratdığı dayaq dəstələrinin toplusudur.Bütün respublika proqram yaradıcılığı azarına tutulmuşdu, hər bir rayon, hər bir müəssisə öz işini təkmilləşdirmək tədbirlərini nəzərdə tutan proqram əsasında dayaq dəstəsi yaradırdı. Bir çox hallarda bu proqram bütün əmək kollektivinin arzu və istəklər toplusu olurdu. Bu yığıncaqda da fəhlələr hüquqlarının və iş şəraitinin yaxşılaşmasına yönəlmiş təkliflərdən ibarət bir proqram yazmışdılar. Bu proqram məni az qala kövrəltdi. Fəhlələr yazmışdılar ki, tikinti materiallarının israf olunmaması üçün prorablar yalnız iş gününün sonuna qədər işlənib qurtaracaq qədər mala hazırlamaq tapşırığı verməlidirlər. Yox, əgər onlar işin sonuna qədər işlənib qurtarmayacaq qədər mala hazırlatdırıblarsa, onda zay olmuş sementin və qumun dəyəri onları maaşından cərimə kimi tutulmalıdır. Fəhlələr iş yerində isti suyu olan duşların təşkilini, təhlükəsizlik tədbirlərinin sərtəşdirilməsini, iş müqabilində ədalətli tariflərin tətbiqini AXC dayaq dəstəsinin proqramına yazmışdılar. Mən hədsiz şad idim: AXC-nin yuxarı səfində gedən çirkli oyunlara baxmayaraq, aşağı səfdə saf və sağlam özək dururdu.
Yığıncağın sonunda fəhləyə əsla bənzəməyən bir gənc ayağa qalxıb məndən AXC sədrinə münasibətim barədə soruşdu. Mən münasibətimin mənfi olduğunu, onun saxta yolla sədr seçildiyini dedim.
Səhərisi Canbaxış Ümidovun həyətində keçirilən iclasda xalqımızın müdrik və qeyrətli oğlu Rəhim Qazıyev İdarə Heyətinin üzvlərinə "Zərdüştün bəyə qarşı çıxışının kaseti məndədir. Tələbəm yazıb. Qoy izah etsin, hansı haqla bəyə qarşı çıxır və Cəbhənin partokratlar qarşısında birliyini pozur?” Dedim ki, heç kaset lazım deyil, bu sözləri mən açıq və həmişə deyirəm. İkincisi, Cəbhə demokratik təşkilatdır, hər kəs öz fikrini açıq deyə bilər. O kompartiyadır ki, birinci katibin tənqidinə görə adamı partiyadan qovurlar və şərləyib tuturlar. Sizə bildirmək istəyirəm ki, sizin bəyənmədiyiniz Lenin Kompartiyanın bugünkü iflasını əvvəlcədən görmüşdü. Ölməzdən əvvəl demişdi ki, "öz əclaflarını müdafiə edən partiya zavala məhkumdur”. Mən sizə deyirəm ki, AXC də öz əclaflarını sıralarından təmizləməsə, məhv olacaq.
Əbülfəz bəy əsəbi tərzdə siqaretini sümürür və heç nə demirdi. Zavallı və məsum qurban rolu onun ən sevimli rollarından idi. Digər rolu təmənnasız və sadə insan rolu idi ki, onu da böyük məharətlə ömrünün sonuna qədər ifa etdi. Mənim dediklərimi təkzib edə bilməzdi, çünki saxtakarlığı hamının gözü qarşısında ifşa etmişdim. Başqa məsələdir ki, bu fırıldaqda iştirak etmiş AXC fəalları onun üstünü açmaqda maraqlı deyildilər, mənim məsləkdaşlarım isə "partokratlara qarşı” mübarizəni daha vacib vəzifə sayırdılar və mafiya nökəri olan millətçilərlə mübarizənin əhəmiyyətini anlamırdılar.
Mənbə: Meydan TV