Ziya Məmmədov hakimiyyətə meydan oxuyur
İyul 25
14:09
2024
Milli Məclisin sabiq deputatı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov ötən gün verdiyi açıqlamalarla ictimai diqqəti öz üzərinə cəmləyib. MSK sədri Məzahir Pənahovu və qurumun bütün üzvlərini saxtakar adlandıran Məmmədov personası ətrafındakı müzakirələrin yenidən qızışmasına rəvac verib.
Xatırladaq ki, Ziya Məmmədov uzun illər hakimiyyət komandasında yüksək postlar tutub. 72 yaşlı Ziya Məmmədov 13 fevral 2017-ci ildə Nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra uzun illər təmsil olunduğu komandaya soyuq münasibəti ilə seçilib. Məmmədovlar hər fürsətdə hakimiyyətdən narazılıqlarını dilə gətirməkdən çəkinmirlər.
Yenisabah.az xatırladır ki, Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 94 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürüb. Amma MSK keçmiş deputatın sənədləri saxtalaşdırdığını əsas gətirərək, onun namizədliyini qeydə almaqdan imtina edib. Professorun MSK-nın qərarına reaksiyası gözlənildiyindən sərt olub və soyadını daşıdığı ailənin adı ətrafında müzakirələrin yenidən qızışmasına səbəb olub.
Qeyd edək ki, Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb: "Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər. Qısa və konkret”.
Elton Məmmədovun radikal müxalifət təmsilçilərinə xas olan üslubu siyasi müşahidəçilərə uzağagedən nəticələr çıxarmağa əsas verib. Onun bu davranışının qardaşı, sabiq nazir Ziya Məmmədovdan qaynaqlandığını iddia edənlər tapılıb. Ümumi rəy bundan ibarətdir ki, Elton Məmmədov məlum mövqeyi qardaşının xeyir-duası ilə nümayiş etdirib. Ziya Məmmədovun razılığı olmadan, Elton Məmmədovun hakimiyyəti hədəf alan ifşa xarakterli fikirlər səsləndirməsi inandırıcı görünmür.
Bəzi analitiklər isə Məmmədovların okeanın o tayında cərəyan edən proseslərdən ruhlandığını düşünürlər. Onların fikrincə, sabiq prezident Donald Trampın ABŞ-da hakimiyyətə gəlmək şansının artması Ziya Məmmədovu və ətrafını daha cəsarətli mövqe bildirməyə təhrik edir. Ziya Məmmədovun ABŞ-da yaşayan oğlu Anar Məmmədovun Trampın biznes imperiyasına daxil olan şirkətlərlə işbirliyində olduğuna dair məlumatların son günlər yenidən tirajlanması da bu məqsədə xidmət edir.