Ziya Məmmədovun dağıtdığı dövlət büdcəsi…
İyul 25
13:01
2022
Bu videoda gördüyünüz dağ deyil. Qayalıq ərazi də deyil. Bu, hazırda yenidən qurulan Bakı – Quba yolundan sökülən və tullantıya çevirilən beton qalıqlarıdır.
AzToday.az "Yeni Sabah”a istinadla xatırladır ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib.
2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi…
Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.
İndi yol tamamilə sökülüb və yenidən qurulur. Milyonlara başa gələn, Ziya Məmmədovun "əl işi” olan beton yol isə kökünə kimi qazılıb.
Yoldan çıxarılan iri beton parçalarını uzağa daşımağa ehtiyac olmayıb. Trassın kənarında həmin qalıqlardan dağlar əmələ gəlib. Sanki açıq muzeydir. Bircə qalıb əsərin kimə məxsus olması haqda böyük bir bildiriş yazılsın ki, bilməyənlər də bu möcüzənin müəllifinin kim olduğunu bilsin. Həm də o bilinsin ki, dövlət büdcəsi hesabına dağ yaratmaq dövlət büdcəsinə dağ çəkmək hesabına başa gəlib…