SON XƏBƏR

Qazaxdan şikayət: “İH doğmalarımızı son mənzilə yola salmağa imkan vermir”

Avqust 11
13:17 2020
Qazax rayonunda əhali COVİD-19 pandemiyası ilə əlaqədar yerli hakimiyyət orqanlarının davranışından narazıdır.

Bu barədə Qazax rayon sakinlərinin Qaynarinfo-ya ünvanladığı şikayət məktubunda deyilir. Sakinlərin bildirdiyinə görə, göstərilən tövsiyələrə riayət olunmasına baxmayaraq, dəfn mərasimləri zamanı İcra Hakimiyyəti nümayəndələri akt tərtib edərək əhalini cərimələyirlər:

"Koronavirus təhlükəsindən hər kəs xəbərdardır və bu bəladan qorunmaq üçün sakinlər əllərindən gələni edirlər. Sosial-iqtisadi problemlər səbəbindən çətin vəziyyətdə olan camaatı pandemiyadan yararlanıb hər addımda cərimələyirlər. Bu isə artıq insanlarda ciddi narazılıq yaradır. Adamlar karantin rejimi qaydalarına uyğun şəkildə də dünyasını dəyişən doğmalarını son mənzilə yola sala bilmirlər. Rayon İcra Hakimiyyəti nümayəndələri camaata göz açmağa imkan vermir. Halbuki qonşu rayonlarda əhaliyə belə aqressiv münasibət yoxdur”.

Sakinlər deyir ki, Bakıda, Abşeronda çimərliklərin fəaliyyətinə icazə verildiyi, rayonlarda kafelərin işlədiyi bir vaxtda insanlara karantin qaydaları çərçivəsində vəfat edən yaxınlarına son borcunu ödəməyə imkan verməmək anlaşılmazdır. Sakinlər yerli icra hakimiyyəti əməkdaşlarının vətəndaşlarla davranışını daha düzgün quracağına ümid edirlər. 

Qazax rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Süleyman Axundov Qaynarinfo-ya açıqlamasında bildirib ki, dəfn mərasimləri Operativ Qərargahın tövsiyələri əsasında keçirilməlidir:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən yas mərasimlərində müəyyən sayda adamlar olmalıdır. Əgər vətəndaşlar göstərilən saydan artıq olarsa, o zaman xəbərdarlıq edilir, yaxud da icazə verilmir. O ki qaldı kiminsə cərimələnməsinə, bu barədə məlumatsızam. Onlar çox şey yaza bilər. Amma biz çalışırıq ki, karantin qaydalarına əməl edək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook