SON XƏBƏR

45 milyardlıq proje təhlükədə - TANAP və TAP dondurula bilər

Aprel 15
08:56 2016
"The Washington Times” yeni Qarabağ müharibəsinin Avropa energetik təhlükəsizliyini də sual altına alacağı haqda xəbərdarlıq elədi; nüfuzlu nəşr: "ABŞ Ermənistanı geri çəkilməyə məcbur etməli, Bakını dəstəkləmək üçün təcili və qətiyyətli addımlar atmalıdır...” 

Dağlıq Qarabağ münaqişəsi zonasında qısamüddətli müharibə sülh danışıqlarında irəliləyışi labüd edib. Konfliktə və prosesə cəlb olunmuş qüvvələrin hamısı artıq bu qaçılmazlığı qəbul edir. Ancaq irəliləyişə necə nail olmalı, əgər hələ ki yenə ümumi bəyanatlar və sülhə çağırışlar ortadadırsa? 

Məsələ də ondadır ki, ən əvvəl işğalçı Ermənistana ciddi təzyiqlər edilməyincə prosesdə sıçrayış əldə olunması qeyri-mümkün görünür. Bunu isə Rusiya və müəyyən mənada Qərb, amma yenə Rusiyanın vasitəsi ilə edə bilər. Əks halda, ekspertlər bir şeydə əmindirlər: atəşkəs uzun sürməyəcək və növbəti genişmiqyaslı müharibə alovlanacaq. Analitiklər bu proqnozu həm də qarşıdan hərbi kampaniya üçün əlverişli yay mövsümünün gəlməsi ilə izah edirlər.

***
"ABŞ Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək üçün təcili və qətiyyətli addımlar atmalıdır”. Musavat.com-un məlumatına görə, bu barədə Beynəlxalq Əlaqələr üzrə İsrail Demokratiya İnstitutunun direktoru,"Jerusalem Post” sabiq redaktoru və "Baltimor Jewish Times” nəşrinin sabiq baş redaktoru Mayana Yaffe-Xoffmanın nüfuzlu "The Washington Times” qəzetində dərc olunmuş məqaləsində deyilir. Müəllifin sözlərinə görə, "ABŞ Konqresi başa düşməlidir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs davamlı deyil və iki ölkəni tam barışdırmağın zamanı çatıb”. 

Analitik münaqişə ətrafındakı hazırkı status-kvonu məqbul saymadığını yazıb: "Əvvəla, erməni işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd yerlərini tərk edib. İkincisi, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ üzərində hüququnu tanıyıb. Ermənistan isə konfliktə dair qəbul edilən qətnamələri qulaqardı etməkdə davam edir. Əlləri yanında oturan ABŞ isə zəif görünür və öz müttəfiqi Azərbaycana qarşı laqeydlik nümayiş etdirir”.

Məqalədə daha sonra deyilir: "Üçüncüsü, indiki atəşkəs rejimi hətta bir neçə ay çəkə bilər. Status-kvonun saxlanması vulkanın yanında durub onun nə vaxt püskürəcəyini gözləmək kimi bir şeydir. Dördüncüsü, Azərbaycan Avropa bazarlarına yeni qaz tədarükünü təmin edəcək 45 milyardlıq Cənub Qaz Dəhlizi layihəsində ən mühüm oyunçudur. Bu layihə dünya neft və qaz sənayesində indiyədək həyata keçirilmiş layihələr içərisində ola bilsin ən böyüyü və iddialısıdır”.

Məqalə müəllifi bu yerdə erməni komandirlərini indiyədək Azərbaycanın neft-qaz infrastrukturunu dəfələrlə hədələdiklərini yada salıb. "Bu yaxınlardakı döyüş əməliyyatları da qaz kəmərlərinin yaxınlığında gedirdi. Əgər kəmərlər hücuma məruz qalsa, bu, işlərin kəskin ləngiməsinə və 7 Avropa hökuməti və 11 şirkət tərəfindən maliyyələşdirilən layihənin dayanmasına gətirə bilər. Bundan başqa, o halda Avropa energetik təhlükəsizliyi də təhlükə altına düşəcək” - qeyd edib siyasi şərhçi.

Müəllif ABŞ-ın müdaxiləsini labüd edən daha bir faktor kimi, indiki status-kvonun qalacağı təqdirdə Moskvanın regionda nüfuzunun artacağını göstərir. Son 4 günlük savaşın motivindən danışan ekspert yazır: "Bir sıra ekspertlər inanır ki, Kreml Rusiyanın vassalı və marionet ölkəsi Ermənistan qarşısında vəzifə qoyub: prezident o məqamda Vaşinqtonda olan və Nüvə Sammitində iştirak edən İlham Əliyevi xəbərdar eləmək üçün ilk zərbəni vurmaq”. 
Müəllif hesab edir ki, Moskva İrəvanın tərəfindədir. "Rusiya Ermənistanı tam ələ alıb” - ardınca o vurğulayıb. İsrailli analitikin qənaətincə, region daha bir gərginlik ocağının yaranmasına imkan verməməlidir. 
 
ABŞ Konqresinə müraciət edən Xoffman daha sonra yazır ki, artıq zaman yetişib ki, Amerika məsələyə müdaxilə eləsin, Rusiyanı qabaqlasın və bölgədə ədalət təmin olunsun. "Ermənistanı öz qoşunlarını bölgədən çıxarmağa məcbur eləmək, azərbaycanlı köçkünlərə öz yurd yerlərinə qayıtmağa imkan yaratmaq lazımdır. Konfliktin dinc və daimi nizamlanması üçün Minsk prosesini yenidən təşkil eləmək vacibdir” - sonda müəllif əlavə edib.

*** 
Qeyd edək ki, Birləşmiş Ştatların Qarabağ məsələsində passivliyini bugünlərdə Amerikanın Azərbaycandakı sabiq səfiri və Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza, amerikalı tanınmış politoloq Ariel Koen də ciddi tənqid ediblər. Qarabağ məsələsinə ABŞ və Qərbin laqeydliyinin davam edəcəyi, təşəbbüsün əldən buraxılacağı təqdirdə bütövlükdə bölgənin ABŞ üçün itirilə biləcəyi haqda xəbərdarlıq ediblər. 

Onların hər ikisi Ağ Ev başçısının təşəbbüsü ələ alaraq Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda birbaşa görüşünü təşkil eləməsinin vacibliyini qeyd ediblər. Koen isə Nüvə Sammitinin bundan ötrü yaxşı bir fürsət, fəqət Vaşinqton tərəfindən buraxıldığını vurğulamışdı.

O ki qaldı erməni tərəfinin kəmərləri hədələməsinə, bu doğrudan da ciddi təhlükədir. Son olaraq belə bir açıq hədə ilə 4 günlük müharibə zamanı Ermənistan müdafiə nazirinin müavini, Şuşanın işğalına rəhbərlik eləmiş general Arkadi Ter-Tadevosyan çıxış eləmişdi. Güney Qafqazdan keçən kəmərlərin və reallaşacaq böyük layihələrin dayanması isə təbii ki, ən çox Rusiyaya sərfdir. ABŞ-ın, Qərbi Qarabağ məsələsinin həllinə fəal qoşulmasını şərtləndirən amillərdən biri də budur. 

Xatirladaq ki, Xəzərdəki "Şahdəniz mərhələ-2" qazının 3500 km-lik kəmərlə Avropaya nəqlini nəzərdə tutan və qitənin, həmçinin, qardaş Türkiyənin Rusiyadan enerji asılılığını minimuma endirməyə hesablanmış Cənub Qaz Dəhlizi kəmərlər sisteminin 3 əsas seqmenti var: 1. Cənub Qafqaz Boru Kəməri - CQBK (Azərbaycan və Gürcüstan ərazisindən keçən hazırkı CQBK yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək); 2. TANAP (Trans-Anadolu Qaz Kəməri - təbii qazı Türkiyənin şərqindən qərb sərhədinə daşıyacaq); 3. TAP (Trans-Adriatik Boru Kəməri - qazı Türkiyənin qərbindən Yunanıstan və Albaniyadan keçməklə Avropa bazarına çatdıracaq). 

Ötən il TANAP-ın inşası başlayıb və sürətlə davam etdirilir, bu yaz isə TAP-ın tikintisi start götürməlidir.  (Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook