SON XƏBƏR

54 elmi məqalənin və 8 kitabın müəllifi - memar Elçin Əliyevi tanıyaq...

Avqust 16
00:38 2020
Professor Elçin Əliyev 18 sentyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. 
 
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1987-1988-ci illərdə Slovakiya Ali Texniki Məktəbində (SVST, Bratislava) istehsalat təcrübəsi keçib. 
 
E.Əliyevin "Bakı şəhərinin mərkəzi hissəsinin social-fəza həlli" adlı diplom layihəsi 1989-cu ildə Moskva şəhərində keçirilən Beynəlxalq müsabiqədə Birinci dərəcəli mükafata və SSRİ, Almaniya, Avstriya və Çexoslovakiyanın Memarlar İttifaqlarının mükafatlarına layiq görülüb.
 
O, 1988-ci ildən SSRİ-nin dağılana qədər Zaqafqaziya Gənc Memarlar Assosiasiyasının Sədri olub.
 
Elçin Əliyev 1989-cu ildən Azərbaycan Memarlar ittifaqının üzvü, 1998-ci ildən isə Azərbaycan Dizaynerlər ittifaqının üzvüdür.
 
1994-cu ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilən E.Əliyev Memarlar İttifaqının nəzdində ölkənin Gənc memarlarla iş üzrə komissiyasının Sədri, 1997-ci ildən isə Azərbaycan Gənc Memarlar Assosiasiyasının Sədridir.
 
Elçin Əliyev 2001-ci və 2004-ci illərdə Azərbaycanın memarları arasında Memarlar İttifaqının tərəfindən ilin ən yaxşı memarı seçilib.
 
2002-ci ildə Bakı şəhərində E. Əliyevin layihəsi əsasında Pravoslav Jen-Mironosits kilsəsi bərpa olunub.
 
E.Əliyev yeganə azərbaycanlı memardır ki, Rusiya Pravoslav Kilsəsinin mükafatına layiq görülüb. Belə ki, Ümumrusiya Patriarxı II Aleksiy Moskva şəhərində yerləşən iqamətgahında E.Əliyevi şəxsən qəbul edərək özünün 7 iyul 2002-ci il tarixi sərəncamı ilə onu Rus Pravoslav Kilsəsinin təsis etdiyi Birinci dərəcəli Müqəddəs Sergiy Radonejskiy ordeni ilə təltif edib.

Elçin Əliyev 2005-ci ildə Azərbaycan Memarlar İttifaqı və «İtaldizayn» şirkəti tərəfindən təsis edilmiş müsabiqədə «İctimai interyer» nominasiyası üzrə Birinci dərəcəli Diploma və məkafata layiq görülüb.
 
2006-ci ildə E.Əliyev Azərbaycan Memarlar İttifaqının «Qızıl Şərəf Nişanı» ilə təltif edilib.
 
2008-ci ildə E.Əliyev Gürcüstan Memarlar İttifaqınının keçirtdiyi müsabiqənin Birinci dərəcəli Diplomu ilə, 2011-ci ildə isə «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» nəşrinə görə Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının Birinci dərəcəli Diplomu ilə təltif edilib.
 
O, İyirmi illik peşəkar fəaliyyəti zamanı 70-dən çox memarlıq və şəhərsalma, dizayner layihələrinin müəllifidir. Bir çox xarici forum və müsabiqələrin fəal iştirakçısıdır.

Elçin Əliyev memarlıq və dizayner layihələri ilə Rusiya, İran, ABŞ, Türkiyə, Almaniya, Gürcüstanda keçirilən müsabiqələrdə iştirak etmiş və müxtəlif mükafatlara və diplomlara layiq görülüb.
 
Dəfələrlə Azərbaycan Memarlar İttifaqının, müxtəlif ölkələrin memarlar və dizaynerlər ittifaqları, Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət nazirliyi, müxtəlif dövlət, Beynəlxalq təşkilatların diplom və təşəkkürnamələri ilə təltif edilmişdir.

O, Memarlıq və şəhərsalma sahəsində 54 elmi məqalənin və 8 kitabın müəllifidir.
 
Elçin Əliyev 2014-cü ildən Sənətsünaslıq üzrə Elmlər doktoru, professordur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook