SON XƏBƏR

"AAAF Park"da aksiya: Pulları mənimsənilən sakinlər yolu bağladılar - FOTO

Avqust 12
22:36 2020
Xırdalan şəhərində yerləşən "AAAF Park” yaşayış kompleksinin yüzə yaxın sakini Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlayıb.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında toplanan "AAAF Park” yaşayış kompleksinin sakinləri artıq uzun illərdir şirkətin onlara qarşı dələduzluq etdiyini deyiblər.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri sakinləri qəbul edərək, onların şikayətlərini dinləyiblər. Amma bu məsələnin onların səlahiyyəti xaricində olduğu və bununla bağlı yalnız məhkəməyə müraciət etməli olduqları deyilib. Sakinlər bildirirlər ki, artıq uzun illərdir şirkət tikilməkdə olan bina və ya təməl qazılacaq ərazi göstərərək, müştərilərdən külli miqdarda pul toplayıb. Şikayətçilər arasında hətta 2014-cü ildən nağd pul ödəyərək, mənzil sahibi olmaq istəyənlər də var. İstədikləri mənzilin bütün pulunu nağd şəkildə ödəməsinə baxmayaraq, həmin şəxslər bu günə qədər heç bir şey əldə edə bilməyiblər.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən sonra sakinlər sözügedən "AAAF Park” yaşayış kompleksinə yollanıblar. Burada isə onları hər zaman olduğu kimi, "AAAF Park Holdinq” MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev qarşılayıb. Sakinlərin narazılıqları da elə məhz rəhbərliyin onlara laqeyd yanaşmasındandır. Onların sözlərinə görə, hər dəfə şikayətə gəldikdə onları yalnız mətbuat xıdmətinin rəhbəri qarşılayır və yeni vədlər verərək, yola salır. Rəhbərlik isə demək olar ki, onların heç bir şikayətinə baxmır.

Kənan Məstəliyev isə öz növbəsində şirkətin hazırda maliyə çətinliyi ilə qarşı-qarşıya olduğunu və sözügedən binaları tikib təhvil verməkdə çətinliklərlə qarşılaşdığını deyib.

Şikayətçilərin sözlərinə görə, onlar artıq neçənci dəfədir ki, bu halla qarşılaşırlar. Keçən dəfə şikayət etdikləri zaman onlara binalarının bu ilin oktyabr ayında hazır olacağı deyilibmiş. Bu dəfə isə binaların gələn ilin mart ayında hazır olacağı deyildi. Biz yaşayış kompleksinə çatdığımız zaman sözügedən yarımçıq binalarda iş getmirdi. Rəhbərlik insan kütləsinin şikayətə gəldiyini gördükdən sonra əraziyə bir iki fəhlə göndərərək, onlara səs-küy salmalarını tapşırdı. Bir az vaxt keçdikdən sonra isə yarımçıq tikililərdən bir-birinə çırpılan dəmir boru səsləri gəlməyə başladı. Sakinlər deyirlər ki, bu hadisə hər dəfə belə olur.

Bu problemlə qarşılaşan təxminən minə yaxın ailə var ki, deyilənə görə, onların da çox hissəsi ya mənzilləri nağd qiymətə alıb, ya da kredit müddətini bitirərək, məbləği tamamilə ödəyib. Amma aradan keçən bu beş-altı ildə onlara vəd olunan binaların təməli ya atılmayıb, ya da elə olduğu kimi durur.

Şikayətçilər deyirlər ki, "AAAF Park” yaşayış kompleksinin rəhbəri, həmçinin şirkətin onun nəzdində fəaliyyət göstərdiyi Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov buradan toplanan pullarla başqa bir şirkət quraraq, Astara və Lənkəran rayonlarında da tikinti işləri aparır. Bundan başqa, şirkəti ölkəmizdən kənarda, Moldova, Türkiyə kimi başqa ölkələrdə də binalar tikir. Yaşayış kompleksinə gələn şikayıtçilər daha sonra şirkətin ofisinin qarşısına toplaşıblar. Bir müddət gözləsələr də, burada onlara bir söz deyən olmayıb.

Daha sonra yolu kəsən şikayətçilər əraziyə gələn polisin xahişi ilə yolu boşaltmağa razı olublar. Daha sonra şirkətdən onlara bildirilib ki, şirkətin rəhbərliyi dəyişib. Yeni gələn rəhbərliyin isə mövcud problemi aradan qaldırmaq üçün maddi vəsaiti yoxdur. Şikayətçilər isə deyirlər ki, bu "rəhbərliyin dəyişməsi” metodu atrıq neçənci dəfədir ki, məsələnin "qismən həlli” yolu kimi irəli sürülür. Onlar deyirlər ki, artıq neçənci dəfədir ki, onlara "şirkətin rəhbərliyi dəyişib” deyilərək, vaxt qazanılır.

Bir şeyi də qeyd edək ki, milyardlarla manatlıq kompleksi tikən "AAAF Holding” MMC Azərbaycan Ağır Atletika Federasiyasının nəzdində fəaliyyət göstərir və federasiyanın prezidenti də Azərbaycan Hava Yolları QSC-nin rəhbəri Cahangir Əsgərovdur.

Onu da qeyd edək ki, "AAAF Park” yaşayış kompleksinin adı yarandığı gündən bu yana tez-tez mətbuatda negativ məsələlərdə hallanır.
 
(Avropa.info)
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook