Aparıcı banklar dövlətə mənfəət vergisini ödəyə bilmirlər
Mart 24
14:26
2016
Vergilər Nazirliyi Azərbaycandakı kommersiya banklarının dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin məbləğini açıqlamır.
Yalnız ötən ilin dekabrında o vaxt nazir müavini olan Natiq Əmirov bəyan edib ki, 2015-ci ilin 11 ayında bankların büdcəyə verdiyi xeyir 2014-cü ilin eyni dövrü ilə müqayisədə 35% çox olub.
Bununla belə, 2015-ci ilə aid maliyyə hesabatını açıqlamış bankların demək olar ki, heç birinin vergi ödənişində 2014-cü illə müqayisədə artım baş verməyib. Yalnız bir bank vergiləri artırıb ki, onun da ödədiyi məbləğ bank sektoru üzrə ümumi vergi daxilolmalarında əhəmiyyətli paya malik deyil. (Turan)
Bu günə qədər ölkədəki 37 bankdan 19-u büdcə qarşısında öhdəliklərini necə yerinə yetirməsi barədə ictimaiyyətə açıqlama verib. Onlardan 6-sı 2015-ci ili ziyanla başa vurub və buna görə də mənfəət vergisi ödəməyib. Qalan 13 bank isə müxtəlif məbləğlərdə ödəniş edib. Bunların arasında bazara 2015-ci ildə daxil olmuş "Caspian Development Bank" və "Zıraat Bank (Azərbaycan)" da var.
Adı çəkilən kredit təşkilatlarını nəzərə almasaq, 2014-cü ildə indiki banklardan 35-i bazarda olub. Bunların isə cəmi 4-ü il ərzində ödədiyi mənfəət vergisinin məbləğini açıqlamayıb. Qalan 31 bank 2014-cü ildə büdcəyə nə qədər ödəniş etdiyini bəyan edib.
Azalan təkcə vergi ödəmələrini açıqlayan bankların sayı deyil, həm də onların ödədiyi vergilərin məbləğidir. Həm 2014-cü, həm də 2015-ci ildə nə qədər vergi ödədiyi məlum olan 16 bank var ki, bunların da 3-də ("Azər-Türk Bank", "Kredobank" və "Yapı Kredi Bank (Azərbaycan)"-da vergi ödənişləri 100% azalıb. 10 bankda isə azalma müxtəlif səviyyədədir. Vergi ödənişlərini "Accessbank" 67,9%, "AFB Bank" 40,6%, "Azərbaycan Sənaye Bankı" 30,5%, "Expressbank" 75,1%, İran Milli Bankının Bakı filialı 81,4%, "Muğanbank" 79,5%, "PAŞA Bank" 1,8%, "Rabitəbank" 22,3%, "Turanbank" 91,9% azaldıb. Yalnız "Bank Avrasiya" 2014-cü ilə nisbətən 2015-ci ildə 17,5 dəfə çox vergi ödəyib. Qalan 2 bank – "Dekabank" və "Zaminbank" isə həm 2014-cü, həm də 2015-ci ildə mənfəət vergisi ödəməyib.
Qlobal.az