SON XƏBƏR

Azərbaycanda tikinti sahəsində bahalaşma 2022-ci ilin mart ayında - Pik həddə çatacaq

Oktyabr 19
01:06 2021
Son vaxtlar daşınmaz əmlakda, xüsusilə tikinti sektorunda bahalaşma müşahidə olunur. Artıq yeni tikilən binaların (novostroykalardakı), təmir işlərinin orta statistik qiyməti əvvəlki ilə müqayisədə böyük rəqəm nisbətilə bahalaşıb. Bu bahalaşmasının müxtəlif səbəbləri var.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting "VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc FED.az-a bildirib ki, tikinti sektorunda bahalaşmasına təsir göstərən səbəblərdən birincisi ölkənin əsas xammalı olan neftin bahalaşmasıdır. Buna görə bir sıra dövlətin müəyyən etdiyi tikinti layihələrində canlanma olur. Bu canlanmaya görə də təbii ki, bazarda dinamizm yaranır, qiymətlərə də müsbət mənada təsir edə bilir. Əgər tikinti sahəsində aktivləşmə olursa, bu, qiymətlərin artımı ilə nəticələnir". 

V.Oruc FED.az-a açıqlamasında bildirib ki, bahalaşmanın ikinci səbəbi işğaldakı torpaqlarımızın azad olunmasıdır. Çünki ermənilərin dağıtdığı infrastruktur - binaların, evlərin tikilmə zəruriliyi yaranıb: 

"Hazırda Şuşa şəhərində yenidənqurma işlərindəki fəaliyyət tikinti bazarına təsir göstərir. Əslində təsir cüzi olsa da bunun psixoloji tərəfi daha böyükdür. Yəni artıq bazarda aktivləşmə yaranır, müəyyən planlamalar formalaşır, bu da yaxın vaxtlarda tikinti materiallarına tələbatın artacağını göstərir. Bu artım isə təbii olaraq qiymətlərin də artmasına səbəb olur. Qarşıdan qış ayları gəlir, bu dövrdə tikinti prosesi adətən aktiv olmur, lakin 2022- ci ilin mart ayına tikintinin geniş vüsət alacağı dövrü planlaşdırırıq. Bu dövrdə tikinti materiallarında çox ciddi qiymət dəyişməsini proqnozlaşdırırıq. Bu, tikinti avadanlıqlarının da qiymətinə təsir göstərəcək. Bunu indidən hiss etmək olar. Hətta icarə qiymətlərində təqribən 25 - 35 % civarında müxtəlif ağır və digər qurğulara müəyyən qiymət artımının şahidi oluruq". 

V.Oruc qeyd edib ki, əsas idxal etdiyimiz Rusiya bazarlarında yaradılmış süni problemlərin yaranması tikinti materiallarının ölkəmizə fasilələrlə gətirilməsinə səbəb oldu və bu da qiymət artımı ilə nəticələndi:

"Rusiya bazarlarındakı süni problemlərlə yanaşı digər amillərdən biri ölkədəki iqtisadi vəziyyətlə bağlıdır. Belə ki, yanacağın, neft məhsullarının ölkə bazarında qiymətinin artırılması müəyyən inflyasiyaya və manatın alıcılıq qabiliyyətinə öz təsirini göstərir. Bu proses də tikinti materiallarının qiymətinə təsirsiz ötüşə bilməz. Ümumiyyətlə, son bir ildə baş verən prosesləri təhlil etsək görərik ki, tikinti bazarlarında ortalama 15 - 20 % civarında artımın olduğunu müşahidə edirik. 2 il əvvəllə müqayisə edəndə görürük ki, elə tikinti məhsulları var ki, onların qiyməti 50 - 60 % civarında artıb". 

V.Oruc bildirib ki, tikinti sahəsində qiymət artımı ilə yanaşı, işçi haqlarında da müvafiq dəyişiklər olub: 

"Təqribən 25 - 30 % civarında işçilik haqlarında artımın olduğunu müşahidə edirik. Bu tikinti bazarında baş verən qiymət artımı tikintinin maya dəyərinin artırımasına səbəb olur. Bu da yeni binaların təklif qiymətlərində artımla nəticələnir. Tikinti bazarına da yeni binalar birbaşa təsir edir. Tikinti bizneslərinin sahibləri əgər tikinti materialları bahalaşırsa, yeni tikililərin 1 kv m - nin başa gəlmə mayasının da artımını əsas götürərək təklif qiymətində müəyyən dəyişiklər edirlər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook