“AzerGold” QSC-nin ixrac gəlirləri 1 milyard manatı ötüb
Avqust 01
09:51
2023
Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi ümumi vəsait 1 milyard 716 min 495 manata çatıb.
Belə ki, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3.7 min unsiya qızıl, 11.4 min unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12.8 milyon manat satış gəliri əldə edilib. Bununla QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində ixrac edilən qızılın həcmi 361.9 min unsiya, gümüşün həcmi isə 723.5 min unsiyaya çatıb.
İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin ümumi satış gəlirləri 1.042 milyard manatı üstələyib. Belə ki, ötən dövr ərzində 11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib.
Qlobal.az