SON XƏBƏR

Bakı çox mühüm prosesə start verdi

Mart 20
12:31 2016
Azad ticarət zonası tipli xüsusi iqtisadi zonaların yaradılmasını hazırkı şəraitdə çox mühüm hadisə kimi qiymətləndirirəm.
 
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı sərəncamını Axar.az-a şərh edərkən deyib. Millət vəkilinin sözlərinə görə, bu proses davamlı olacaq:
 
"Bundan bir il öncə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaradıldı. İndi isə Ələtdə, Bakı Limanında azad ticarət zonası yaradılacaq. Bu addımı ölkənin iqtisadi həyatında çox mühüm hadisə olaraq qiymətləndirirəm. İqtisadi zonalar haqqında qanun çoxdan qəbul olunsa da, bu, Ələtdə yaradılacaq ilk iqtisadi zona olacaq. Yeni iqtisadi zonanın Ələtdə yaradılmasının əhəmiyyəti ondan ibarətdir ki, qəsəbədə liman var. İqtisadi zonalar üçün ən vacib amil xarici dövlətlərə çıxış imkanıdır. Yeni layihə Azərbaycan üçün o anlama gəlir ki, Bakı xarici dövlətlərə çıxış imkanları qazanacaq. Bu, çox yaxın gələcəkdə ölkədəki iqtisadi inkişafa öz müsbət təsir və töhfələrini verəcək. Liman vasitəsilə yükdaşımalar kəskin artacaq, necə ki, son bir ildə artıb”.
 
Vahid Əhmədov bildirib ki, iqtisadi zonanın yaradılması orada müəyyən istehsal sahələri və yeni iş yerlərinin açılması deməkdir:
 
"Prezident artıq 1-ci iqtisadi zonanın yaradılması ilə bağlı göstəriş verdi. Bu proses davamlı olacaq. Hazırkı şəraitdə Bakı üçün çox böyük əhəmiyyət kəsb edən prosesə start verilib”. Deputat xüsusi iqtisadi zonaların Azərbaycana gətirəcəyi dividentlərdən də söz açıb:
 
"Bir sözlə, bu proses Azərbaycana əlavə xarici valyuta axını, insanların çalışması üçün yeni imkanlar və dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması şansıdır. Bunun üçün isə lazımı şərait və zaman yetişib. Məsələn, İran və Çin iqtisadiyyatının təxminən 30-dan çoxunu belə iqtisadi zonalar təşkil edir. Hesab edirəm ki, Azərbaycan üçün nəinki yeni iqtisadi zonaların yaradılması, qarşıda bir sıra başqa iqtisadi layihələrin də icrası böyük əhəmiyyət kəsb edəcək”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması barədə sərəncam imzalayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook