Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında
Mart 28
14:34
2016
Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən "Skylines” kitabında Bakıya xüsusi yer verilib.
Nəşrin müəllifləri olan britaniyalı səyahət yazıçıları xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.
Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir edilib. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.
Kitab "Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilib.
Kitabda Bakı şəhəri ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və s. şəhərlər yer alıb.
Kitabın Bakı haqqında olan hissəsi ümummilli lider Heydər Əliyevin "Azərbaycanda yüz illərdən bəri "Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir” sözləri ilə başlayır.
Daha sonra paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınıb. Qeyd edilib ki, şəhər Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşir. Bu ərazi qədim zamanlardan palçıq vulkanları ilə məşhur olub. "Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin "Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.
Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib.
Paytaxtda İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu diqqətə çatdırılıb.
Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.
Həmçinin diqqətə çatdırılıb ki, paytaxt Bakıda müstəqilliyimizin bərpasından sonra da yenidənqurma, quruculuq işləri və memarlıq abidələrinin tikintisi davam etdirilib. "Alov qüllələri” Bakı şəhərinin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.
Son dövrlərdə Bakı şəhərinin "Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də "Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.
Kitabın Bakıdan bəhs edən fəslinin sonunda paytaxtın gözəlləşməsində, burada aparılan yenidənqurma və abadlıq işlərində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. (Azərtac)
Qlobal.az