SON XƏBƏR

Bakı şəhərində Mərkəzi Rayon yaradılmasına fərqli baxışlar – Səbəb, məqsəd...

Avqust 11
09:41 2021
"Belə bir ideya varsa, mən onu yaxşı ideya hesab etmirəm. İcra hakimiyyəti orqanlarının özünün islahatlara ehtiyacı var. Əslində bütün dünyada olduğu kimi, mer institutu tətbiq olunmalı, böyük şəhər bələdiyyəsi yaradılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, iqtisadç alim Nazim Bəydəmirli Bakıda yeni yaradılan mərkəzi rayonun yaranma səbəbləri və üstünlüklərindən danışarkən deyib.

İqtisadçı alim bildirib ki, əslində bütün dünya təcrübəsində bu belədir, vətəndaşlar sosial-iqtisadi problemlərinin əsas hissəsini yerli özünüidarəetmə orqanları vasitəsi ilə həyata keçirirlər:

"Bu baxımdan yeni hər hansı bir rayonun yaradılmasındansa daha çox bu institutun təkmilləşdirilmsinə, bələdiyyələrin imkanlarını artırmağa və vətəndaşların idarəetmədə iştirakını təmin etməyə çox yönələn addımlar atılmalıdır. Prezident tərəfindən təyinatlı olan vəzifələri azaltmaq lazımdır. Təbii ki, hər hansı bir rayonun təsis olunması, inzibati orqanları, dövlət idarəçiliyinə əlavə yükdür. Belə məsələlərdən mən həmişə çəkinirəm və hökuməti də çəkindirməyə çalışıram. Hesab edirəm ki, bu ideyanı ortalığa atanlar doğru yolda deyillər”.

Nazim Bəydəmirli onu da əlavə edib ki, rayon icra hakimiyyətləri ləvg olunsun, rayonlar üzrə inzibatçılıq azaldılsın, yerli özünü idarəetmə orqanları inkişaf etdirilsin:

"Biz hökumətdən əlavə gözləyirik ki, iqtisadi regionlar üzrə prezidentin təyinatı ilə icra hakimiyyətinin siyasətini həyata keçirən nümayəndələr təyin olunsun”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, illərdir ölkəyə məsuliyyətin və səlahiyyətin dəqiq bölgüsünü təsbit edən yeni konstitutsiya, inzibati-ərazi bölgüsünün yenidən təşkili, proporsional seçki sistemi, Böyük Şəhər Bələdiyyəsi və Mer seçkilərinin keçirilməsi ilə bağlı təklif etdiklərin deyib:
 
"Biz illərdir şəxslərin, isimlərin dəyişməsindən çox sistemin, idarəetmə formasının dəyişməsini, hakimiyyətin institutlaşmasını təklif edirdik, edirik. Bizim üçün önəmli olan sistemdir, "oyun qaydalarının" ədalətli və şəffaf olmasıdır. Həmişə buna əmin idik və bilirdik ki, mütləq dediklərimiz olacaq, çünki ağlın, məntiqin, inkişafın başqa yolu yoxdur. Biz 10 ildən çoxdur ki, bunları gündəmə gətirəndə gülənlər də oldu, ağzını büzənlər də, hətta illərdir bəsit formatdan çıxa bilməyib belə yanaşmanı absurd sayanlar da - amma görünən odur ki, ölkə məhz bu yolla getməyə "hamilədir". İnstitutsional dəyişikliklər, sistemin yenidən dizaynı olmasa, iqtisadi rifah, işğaldan azad edilən torpaqlarımızın inkişafı mümkün deyil. Dünyada yeni çağırışlara hazır olacaq ölkə qurmalıyıq.

Bu gün xəbər yayılıb ki, Bakı şəhərində qoruq tipli Mərkəzi Rayon yaradılacaq, paytaxtın böyük bir ərazisində yeni inzibati ərazi vahidi təsis olunacaq. Məncə, Azərbaycanın indiki hakimiyyəti hər şeyi yavaş, asta, üfürə-üfürə etməyi düşünür. Ona görə də, məncə, Mərkəzi Rayonu "qoruq" elan edib ora rəhbəri, direktoru prezident təyin edəcək, Bakının yerdə qalan hissəsi isə Böyük Şəhər Bələdiyyəsi elan edilib, seçkili Mer institutu təsis ediləcək. Addım-addım da olsa ağlın, məntiqin, inkişafın yolu ilə getməliyik. Məmləkətin gələcəyi institutlardan, ədalətli qanunlardan asılı olmalıdır, şəxslərdən yox”.

Qeyd edək ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook