Balakəndə bu il 2 min hektardan çox sahədə tərəvəz yetişdiriləcək
Mart 23
13:06
2016
Tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Cari ildə rayonda tərəvəz əkini sahələrinin 2 min hektardan çox olacağı gözlənilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, məhsul istehsalçıları faraş tərəvəz əkininə, əsasən də faraş xiyar yetişdirilməsinə xüsusilə böyük maraq göstərirlər. Hazırda istixanalarda yetişdirilən tərəvəz şitilləri sahələrə köçürülür. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.
Təsərrüfatlarda yaz-tarla işlərinə hazırlıqlar görülür. Yaxın günlərdə kartof, qarğıdalı və digər yazlıq bitkilərin əkininə başlanılacaq.
Xatırladaq ki, ötən il balakənli fermerlər 2 min 41 hektar tərəvəz sahəsindən 22 min 600 ton məhsul götürüblər.
Qlobal.az