Bankın müştəriyə hədə-qorxu gəlməsinə ixtiyarı varmı?
May 09
10:41
2016
Müzəffər Baxışov: «Bank işçisinin müştərini təhdid etməsi, hüquq-mühafizə orqanlarına müraciət etməsi qanunla qadağandır»
Görəsən, bank əməkdaşının vətəndaşı məhkəməyə vermək ixtiyarı varmı? Həmin şəxs hansı məsuliyyət daşıyır?
Son dönəmin ən aktual məsələlərindən biri müştəri-bank problemləriylə bağlıdır. Kreditlərini verə bilməyən vətəndaşlara qarşı bankların tutduğu mövqe də gündəmin əsas mövzularındandır. Şikayətlər daha çox bankların krediti olanlara zəng edərək onlara hədə-qorxu gəlməsindəndir.
Bəzən hətta banklardan zəng edilərək müştərinin evinin, əşyalarının müsadirə ediləcəyi kimi təhdidlər də səsləndirilir. Xatırladaq ki, Antikollektor şirkətinin təsisçisi, hüquqşünas Əkrəm Həsənov məsələylə bağlı mətbuata açıqlamasında problemli borcu olan və bankların təzyiqləri ilə üzləşərək şirkətə müraciət edənlərin 90 faizinin Bakıÿ sakinləri olduğunu deyib. Ə.Həsənov bildirib ki, banklardan borclulara mütəmadi zəng edərək onları həbs və başqa hədələrlə narahat edirlər. Hüquqşünas söyləyib ki, borclu öz borcunu ödəmək iqtidarında deyilsə, onda bankın ona hədə-qorxu gəlməsi tamamilə qanunazidd bir haldır.
Görəsən, bank əməkdaşının vətəndaşı məhkəməyə vermək ixtiyarı varmı? Həmin şəxs hansı məsuliyyət daşıyır?
"Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov öncə söyləyir ki, bank işçisi vətəndaşa zəng edib ona hədə-qorxu gələ bilməz. Bankdan yalnız kreditin ödənməsinə nəzarət etməklə, borcun vaxtı və onu ödəməklə bağlı müştəriyə xatırlatma edilə bilər:
"Müştəri krediti ödəmirsə və müqavilə tələblərini pozursa, bank məhkəməyə müraciət edərək həmin müqavilənin vaxtından əvvəl ləğv edilməsini, kreditin dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməlidir. Yəni məsələ qanunla belə tənzimlənməlidir. Amma bank işçisinin müştəriyə zəng edərək ona hədə-qorxu gəlməsi, onu döymək və digər formada təhdid etməsi, hüquq-mühafizə orqanlarına müraciət etməsi qanunla qadağandır. Bu hədə realdırsa, həyata keçirilməli hədədirsə, şəxsin öldürülməsi, ona ağır xəsarət yetirilməsiylə bağlı hədədirsə və bu, təsdiqini taparsa, belə halda bank işçisini Cinayət Məcəlləsinin 134-cü maddəsiylə məsuliyyətə cəlb etmək olar. Yəni öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra edilməsi üçün real əsaslar olduqda, həmin bank işçisi məsuliyətə cəlb edilə bilər. Yaxud, bank işçisi 200 manatdan 500 manatadək cərimə, iki ilədək müddətə islah işləriylə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırıla bilər. Lakin hər bir halda bu hədə real və həyata keçirilməli, öldürməklə, şəxsin sağlamlığına ağır xəsarət yetirməklə bağlı olmalıdır. Yəni bunlar hamısı istintaq yoluyla təsdiq olunmalıdır. Amma qanunla kiməsə hədə-qorxu gəlmək özü qadağandır”.(Azadlıq.info)
Qlobal.az