SON XƏBƏR

Üç mərtəbəyə icazə alıb 7 mərtəbəli bina tikən Hünər Hadızadənin "hünəri" - Bu şəxslər həbs oluna bilər

Dekabr 17
17:15 2024
İki il əvvəl Lənkəran şəhərində qanunsuz tikinti və korrupsiya halları ilə bağlı başlayan qalmaqallı həbslərin davamı gələ bilər. Həmin vaxt Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memar Elgün Abdullayev saxlanılmış, daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində barəsində 8 il həbs qərarı çıxarılmışdı. 

Bir neçə gün əvvəl isə Elgün Abdullayev təkrar məhkəmə qarşısına çıxarılaraq, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb. Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb. Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyinin rəisi Rövşən adlı şəxs də bu məsələ ilə bağlı vəzifəsindən azad edilib və ona cinayət işi açılıb. O, 9 avqust 2024-cü il tarixində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunub və 22 avqust 2024-cü il tarixində cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. 

Məlum olub ki, sözügedən binanın sahibi, iş adamı Hünər Hadızadəyə həmin ərazidə 2021-ci ildə 3 mərtəbə və mansard qatından ibarət yaşayış sahəsi tikməyə icazə verilib. Lakin müəmmalı səbəblərdən iş adamı həmin ərazidə 7 mərtəbə və mansarddan ibarət yaşayış binası tikib. 
 


2021-ci ilin iyul ayının 23-də müvafiq qurumlar tərəfindən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət edilib. Elə həmin il Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyi əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilib, pozuntular sənədləşdirilib. Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həmin ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb. Cəbrayıl Xanlarovun əmri ilə iş adamı Hünər Hadızadə İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilib. Həmin obyekt möhürlənib. 

Daha sonra naməlum səbəblərdən, Hünər Hadızadə tikinti işlərini davam etdirib və heç bir vəzifəli şəxsin "gözünə görünməyən" 7 mərtəbəli binanın tikintisinə tam nail olub. Nəticədə, üç mərtəbə üçün icazə sənədi olan ərazidə 7 mərtəbəli yaşayış binası tikib. 

Müəmmalı səbəblərdən Cənub Regional Tikinti Müfəttişliyi rəisi olmuş Rövşən həmin vəzifəsində işləyərkən Lənkəran şəhəri, Füzuli küçəsi, ev 7 ünvanında tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir qrup vəzifəli şəxslə əlbir olaraq qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratması məlum olub. 

2024-cü ilin avqust ayında Cənub Regional Tikinti Müfəttişliyi rəisi Rövşən vəzifəsindən kənarlaşdırılaraq barəsində cinayət işi açılıb. 

Qeyd edək ki, hadisə ilə bağlı iş adamı Hünər Hadızadə də həbs edilib. 

Maraqlıdır ki, bir neçə gün əvvəl baş tutan məhkəmədə çıxış edən sabiq baş memar Elgün Abdullayev Füzuli küçəsi, ev 7 ünvanındakı həmin qanunsuz binanın tikintisində özünü günahkar görməyib. O, məhkəmədəki çıxışında sözügedən binanın tikintisində günahkar kimi daha böyük vəzifəli şəxslərin adlarını çəkib. Amma həmin şəxslər hələ də azadlıqda və vəzifə başındadır. 

Mövzu ilə bağlı Qaynarinfo araşdırmalarını davam etdirir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook