SON XƏBƏR

"EAST Residence” MTK-nın rəhbəri həbs edildi

Sentyabr 04
12:41 2023
Bakıda vətəndaşların əmlakını məhv etməkdə təqsirləndirilən MTK rəhbəri həbs edilib.

Bu barədə Qaynarinfo-ya Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, paytaxtın Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı "EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.

İstintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook