“Ellada” MMC-nin rəhbəri: “Hər evi tikmək üçün 6 min rüşvət vermişəm”
Noyabr 09
18:59
2022
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda daha bir neçə şahid ifadələri dinlənilib.
"Ellada” MMC-nin rəhbəri olmuş şahid Əhməd Bağırov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikdiyini bildirib. O, hər evin tikintisi üçün isə nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 6 min manat rüşvət verdiyini deyib.
Şahid Şahlar Məmmədov da şirkət rəhbəri olduğunu, 2014-cü ildə Ağdaşda 2 ev tikdiyini bildirib: "Mən iş götürməyə peşman oldum. Özümdən pul qoyub tikdim ki, sonra hesaba köçürüləcək. Amma indiki vaxta qədər pulumu ala bilmirəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gəldi yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi”.
Digər şahid Barat Məmmədov deyib ki, tanışı Elman Səfərov "Prometey” MMC-ni onun adına rəsmiləşdirilib, onun isə heç nədən xəbəri olmayıb: "Mən fəhlə işləyib maaşımı almışam. Bu şirkətdə heç səlahiyyətim olmayıb. Sadəcə, lazım olanda sənədlər gətirirdilər, mən də qol çəkirdim”.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.