SON XƏBƏR

Ermənistanın işğalı nəticəsində 240,4 kilometr dəmir yolu işğal altına düşüb

Mart 31
15:00 2016
31 mart dünya azərbaycanlılarının hüzn və kədər günüdür. 1918-ci il martın 31-də Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər. Bakıda törədilən qırğınlar təkcə mərkəzlə məhdudlaşmayıb, kütləvi qırğınlar Qubanı, Şamaxını, Göyçayı, Lənkəranı, Salyanı, Kürdəmiri, Qarabağı və digər ərazilərimizi tutub.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin xətt boyu yerləşən təşkilatlarında keçirilən anım tədbirlərində soyqırımı qurbanlarının xatirəsi yad olunur, faciəni yaradan səbəblər, soyqırımı nəticəsində vurulan maddi və mənəvi ziyan bir daha xatırlanır.
 
Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərman vaxtilə millətimizə qarşı ünvanlanmış tarixi haqsızlıqların gələcək nəsillər tərəfindən unudulmaması, yaddan çıxarılmaması istiqamətində dövlət səviyyəsində atılmış mühüm bir addımdır.
 
Azərbaycan iki əsrə yaxındır ki, soyqırımı məngənəsində əziyyət çəkir. XX əsrin sonlarında torpaqlarımızın iyirmi faizindən çoxunun erməni quldurları tərəfindən işğal olunması həmin bədnam siyasətin tərkib hissəsidir.
 
Bu işğal nəticəsində ölkəmizin dəmir yolu sistemi də az zərər görməyib. Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 kilometr sahəsi işğal altına düşüb: Horadiz-Ordubad sahəsi üzrə 144 kilometr (o cümlədən Mehri rayonu üzrə 43,4 kilometr), Mincivan-Qafan sahəsi üzrə 39,1 kilometr, Təzəkənd-Xankəndi sahəsi üzrə 51 kilometr, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 kilometr.
 
İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 milyon 60 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir:
 
Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 milyon ABŞ dolları həcmində ziyan dəyib.
 
Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 milyon 860 min ABŞ dolları məbləğindədir.
 
Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM), cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb.
 
Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 milyon 250 min ABŞ dolları təşkil edir.
 
Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və sair avadanlıqlar.
 
Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 milyon 350 min ABŞ dolları məbləğindədir.
 
Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 milyon 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 kilometr ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz, Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook