“Femina” sahibi necə qaçqın oldu?
May 04
09:26
2016
Salman Mirzalıyev körpələr evini zəbt etməklə yanaşı, həm də Qaçqınkomdan hər ay 15 manat çörəkpulu da alırmış.
Vizual.az xəbər verir ki, "Femina» xəz-dəri mağazalarının sahibi Salman Mirzalıyevin adı yenidən gündəmə gəlib. Böyük maddi imkanlara sahib olan sözügedən şəxsin adı bu dəfə iki qalmaqallı məsələyə qarışıb.
Onlardan biri «Femina»nın sahibinin 217 saylı Körpələr Evinin otaqlarını zəbt etməsidir. Bununla bağlı Xətai rayonunun sakinləri Heydər Əliyev Fonduna müraciət edərək, onlardan yardım istəyiblər. Sakinlər fond rəhbərliyinə çatdırıblar ki, Salman Mirzalıyev müxtəlif adlar altında, min bir bəhanəylə körpələr evinə məxsus otaqları vermək istəmir.
İşin ən ilginc və məsələnin ikinci tərəfi isə odur ki, Salman Mirzalıyev bu zaman özünün məcburi köçkün olması imtiyazından istifadə edir. Jam.az-ın araşdırmalarına görə, «Femina» Xəz-Dəri Mağazalar şəbəkəsinin sahibi bunca maddi imkanlara rəğmən, adını və ailə üzvlərini məcburi köçkün kimi Qaçqınkomda qeydiyyata aldırıb və hal hazırda komitədən digər qaçqınlar üçün nəzərdə tutulmuş imtiyazların hamısından istifadə edir. Məsələn, ona da digərləri kimi yardımlar verilir, bayramlarda sovqatlar hədiyyə olunur, çörəkpulu ödənilir, elektrik enerjisindən istifadəyə görə güzəştdən yararlanır və sairə.
Qeyd edək ki, «Femina» firmasının sahibinin bütün bunlara zərrəcə ehtiyacı yoxdur. Zatən, müştərilərini aldadaraq, böyük sərvət toplamış şəbəkənin sahibi bu gün də Çində istehsal edilmiş kürkləri yunan, italyan, türk malı olaraq müştərilərinə sırımaqdadır. Özü də real dəyərindən 3-4 dəfə bahasına. Bu qədər maddi imkanlara sahib olmuşkən, bir də qaçqın imtiyazlarından yararlanmaq heç bir şəkildə başadüşülən deyil. Bu təkcə özünü deyil, eyni zamanda dövləti də aldatmaqdır.Görünür, Salman Mirzalıyevin pul gözünü o qədər tutub ki, nəfsinə sahib çıxa bilməyərək, daha çox qazanmaq üçün dövləti də aldatmaqdan çəkinmir. Həm də bu əməldən dolayı bir sual meydana çıxır: Dövləti bu şəkildə aldadan bir iş adamı, sizcə vergidən yayınmazmı? Elementar məntiq deyir ki, bu şübhəsizdir.
Ona görə ki, «qaçqınam» deyib, 15 manata göz dikən biri, qazandığı milyonlardan heç 15 manat da vergi verməz.
Qlobal.az