Hüquqşünas: ““iTicket.Az” istehlakçıların hüquqlarını kobud şəkildə pozub”
May 05
10:33
2023
Elçin Sadıqov deyir ki, xidməthaqqı konsertin təşkilatçılarından tutulmalıdır
Elçin Sadıqov
"iTicket.Az” 2016-cı ildən həm onlayn, həm də offlayn olaraq konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını reallaşdırır.
"iTicket.Az” onlayn bilet satış platformasının Amerikanın "Imagine Dragons” qrupunun konsertinə bilet alan vətəndaşların hər birinin balansından 10% xidməthaqqı tutduğu bildirilir.
İstehlakçılar bu haqda platformanın "Facebook” səhifəsində müvafiq postun şərh bölümündə məlumat veriblər.
İstehlakçılar "Niyə əlavə xidməthaqqı tutursunuz?”, "”Qara bazar” həmişəki kimi öz işini gördü”, "Paylaşımın harasında xidməthaqqı tutulacağını qeyd etmisiniz?”, "Bu, cibə girməkdir”, kimi etiraz şərhləri yazıblar.
"iTicket.Az” tərəfindən şərhlərə cavab olaraq: "Xidməthaqqı saytın və ya kassirin göstərdiyi xidmətə görə çıxılır”, – deyə bildirilib.
"Imagine Dragons” qrupunun Azərbaycanda konserti sentyabrın 2-də "Baku Crystal Hall”da olacaq.
Biletlərin qiyməti 50 manatdan 1100 manata qədərdir.
Şirkətin saytındakı "Şərtlər və Qaydalar” bölüməsində xidməthaqqı ilə bağlı heç bir müddəa yoxdur.
Meydan TV dəfələrlə zəng etsə də, "iTicket.Az”ın mətbuat sözçüsü cavab verməyib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Meydan TV-yə məsələnin araşdırılacağı bildirilib.
Elçin Sadıqov
Hüquqşünas Elçin Sadıqov Meydan TV-yə bildirib ki, istehlakçıların hüquqları kobud şəkildə pozulub: "Sayt müqaviləni konsertin təşkilatçıları ilə bağlayıb. Xidməthaqqı da konsertin təşkilatçılarından tutulmalıdır. Xidməthaqqının istehlakçılardan tutulması qanunla qadağandır. Əvvəlcədən xəbərdarlıq olunmalıydı və istehlakçı da bilməli idi ki, belə bir xidməthaqqı tutulur. Alıcılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və istehlakçıların hüquqlarının müdafiəsi təşkilatına müraciət etsələr, onların balanslarında həmin məbləğlər bərpa olunacaq”.