İcra Hakimiyyətləri sənədsiz ev tikintisinə göz yumubsa, indi kompensasiya da verməlidir
Avqust 05
10:51
2019
Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də "riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir. İqtisadçı Vüqar Byaramovun Modern.az-a verdiyi məlumata görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödəilməsi təklif olunur:
"Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi. Bu "xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Ona görə də, əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində göz yumublarsa, niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir? Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsi vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarını daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər”.
V.Bayramov qeyd edib ki, təkliflərdə "Əmlak Aministiyası”nı nəzərdə tutulur:
"O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.
"Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.