SON XƏBƏR

"İnşaat konstruksiyaları” MMC-nin sakinlərə yaşatdığı CƏHƏNNƏM: - 18 mərtəbəli binada su, qaz və işıq yoxdur

Yanvar 08
02:44 2021
"İnşaat konstruksiyaları” MMC-nin Bakıda inşa etdiyi göydələnlər həmin binalarda yaşayanların həyatını cəhənnəmə çevirib.

Yenicag.az xəbər verir ki, "İnşaat konstruksiyaları” MMC-nin inşa etdiyi Yasamal rayonu İsfəndiyar Zülalov, 19 ünvanında yerləşən binanın sakinləri sanki şəhərdə yaşamadıqlarını, cəngəllik həyat sürdüklərini bildirirlər.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq 3 gündür ki, binada nə işıq, nə qaz, nə də su var. Sözügedən 18 mərtəbəli yaşayış binası, əslində, 2018-ci ildə təhvil verilməli idi. Lakin təqvimlər artıq 2021-ci ili göstərsə də, bina hələ tam təhvil verilməyib.

Bununla belə, "İnşaat konstruksiyaları” MMC 2020-ci ilin fevral ayından sakinlərə binada yaşamağa icazə verib. Sakinlərin çoxu da məcburiyyətdən istifadəyə tam yararlı olmayan binaya köçməli olublar.

Bir neçə gün əvvəl binadakı bloklardan birində yanğın baş verib və bütün elektirk naqilləri sıradan çıxıb. Onsuz da vaxtaşırı işığı kəsilən binada bu yanğından sonra ümumiyyətlə, elektirik yoxdur.

Sakinlərin bildirdiyinə görə, yaranan problemi aradan qaldırmaq üçün "İnşaat konstruksiyaları” MMC-nin səlahiyyətli nümayəndələrini axtarsalar da, onları ofisdə tapmaq müşkülə çevrilib. Eyni zamanda, şirkətdə telefon zənglərinə də cavab verilmir. Yəni binada artıq üç gündür, işıq olmasa da, şirkət rəhbərliyi yaranmış vəziyyətlə maraqlanmır. Bina sakinlərinin çarəsiz qalaraq müraciət etdikləri Yasamal Rayon İcra Hakimiyyəti də problemin həllinə laqeyd yanaşıb.

Binada məskunlaşan sakinlərin bir qismi "İnşaat konstruksiyaları” MMC-nin məsuliyyətsiliyi üzündən müvəqqəti olaraq, qohum evlərinə daşınsa da, yerdə qalanlar hələ də soyuq və qaranlıq mənzillərində yaşamaq məcburiyyətindədirlər.

Ən maraqlı və diqqqəti çəkən məqamlardan biri budur ki, "İnşaat konstruksiyaları” MMC haqqında ən çox şikayət daxil olan şirkətlərin önündə gəlsə də, nədənsə, mövcud "tender mexanizmi” sayəsində daha çox dövlət sifarişi alan qurumlar sırasında yer tutur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook