SON XƏBƏR

“İnşaat Konstruksiyaları” MMC vətəndaşları aldadır? - Bir mənzilin bir neçə şəxsə satıldığı deyilir

Oktyabr 11
04:33 2023
Yasamal rayonu Şərifzadə 33 ünvanında pilot layihə əsasında tikilən binanın sakinləri mənzillərinə 8 ildir köçə bilmir. 2016-cı ildə "alimlərin yataqxanası” kimi tanınan bina pilot layihə adı altında söküləndə "İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə qovuşacaqları vədini vermişdi. Üstəlik, sakinlər binadan etirazlarına rəğmən məcburi şəkildə köçürüldüklərini deyirlər.

8 il ərzində tikilməkdə olan bina mənzillərini 200-ə yaxın yeni alıcıya da sata bilib. Bu mənzillərin nə vaxt təhvil veriləcəyi bir kənara, bir mənzilin bir neçə adama satılması faktları da ortaya çıxıb.

"İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Mətbuatda gedən məlumatlara görə, şirkətin Nizami rayonunda pilot layihə əsasında tikdiyi binadan da bənzər şikayətlər var. DİA.AZ bildirir ki, Rauf Əliyev Meydan TV-yə açıqlamasında binanın 2024-cü ilin martına təhvil veriləcəyini deyib, AMMA...

Rauf Əliyev həmçinin mənzillərin bir neçə şəxsə satılma məsələsinin həll olunduğunu bildirib.

2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarıyla Bakı şəhərində sakinlərin etirazı fonunda onlarla köhnə bina söküldü. Qərarda qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması hədəfləndiyi göstərilirdi. Bəs bu qədər ictimai əhəmiyyətli işin icrası niyə belə şirkətə əmanət edilib? Yasamal Rayon İcra Hakimiyyəti ünvanladığımız suallara cavabında bildirib ki, tikintidə baş verən qanunsuzluqlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Şirkət rəhbərinin verdiyi məlumata görə hazırki durumda zərərçəkmişlərin problemləri həll edilməkdədir və tikintidə əsas işlər tamamlanaraq mənzillərin təmirinə başlanacaqdır.

"İnşaat Konstruksiyaları" MMC sahibi Rauf Əliyev əslində, zəncirvari bir fırıldaqçı şəbəkənin başında gedənlərdən biridir. Şirkət rəhbəri ənənəvi dələduzluğa yol verərək bir mənzili bir neçə nəfərə satıb. Ayrı-ayrı müqavilələr imzalansa da, mənzil sahiblərinə sonda məlum olub ki şərikləri var və aldadılıblar. Bu saxtakarlığa rəğmən hüquq-mühafizə orqanları Rauf Əliyevin indiyə qədər azadlıqda gəzməsinə imkan yaradırlar. Nəticədə R. Əliyev Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında 17 mərtəbəli binanın tikintisini 6 ildir ki, başa çatdırmır və buna görə heç kəsə hesabat vermir. Yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdədir. Onların keçirdiyi çoxsaylı aksiyalar, teleqramlar, müraciətlər bugünədək nəticəsiz qalıb. Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında yeni tikilən binadan ev alan 240 nəfərə yaxın sakin də uzun müddətdir mənzillərinə köçə bilmir. Səbəb yenə də binanın tikintisi ilə məşğul olan "İnşaat Konstruksiyaları" MMC-nin deyilən müddətdə tikilini təhvil verməməsidir. Göründüyü kimi, Rauf Əliyev iki ünvanda binalar inşa etməli, təhvil verməlidir, bu məqsədlə payçılardan külli miqdarda pul alıb, amma tikintini yekunlaşdırmır. Çox qəribədir, Rauf Əliyevə hansı yüksək ranqlı məmurlar havadarlıq edir ki, iki rayonda yüzlərlə sakini aldadıb, amma həbs etmirlər?! Əcəba, bilmədiyimiz hansı səbəblər var? Nə üçün sakinlərin etirazlarına adekvat reaksiya verilmir? Yeri gəlmişkən, əldə etdiyimiz son məlumatlara görə, Rauf Əliyev nə aldatdığı adamların qabağına çıxır, nə telefonları açır. Şirkət rəhbəri hamıdan qaçır və gizlənir. Görünür, bu vaxta qədər onun cəzasız qalmasının səbəbi məhz yüksək rütbəli şəxslər səviyyəsində qoruyucularının olmasıdır. Hazırda sakinlərin problemi olduğu kimi qalıb və hakimiyyət daxilində dayaqları hesabına Rauf Əliyev şad-xürrəm, azad gəzir. O da çox qəribədir ki, hələ 2018-ci ildə "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 4 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmur. Bundan əlavə, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu qədər adı qalmaqallarda hallanmış, barəsində cinayət işi açılmış şirkətin rəhbərinin həbs olunmaması suallar doğurur. Həmçinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri "İnsəşaat Konstruksiyaları" MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində "pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Faktiki şirkət üç ünvanda layihələri yarımçıq həyata keçirib, hər birində yüzlərlə ailənin pulu batıb. Halbuki ölkədə bir daşı daş üstünə qanunsuz qoyan adamın başına min oyun gətirirlər, məişət səviyyəsində bir quldurluq, yaxud fırıldaq olanda dərhal həbs edirlər, amma Rauf Əliyev üç ərazidə insanları aldadıb, haqqında cinayət işi var, di gəl, öz kefindədir. İndi vətəndaşlar digər dələduz tikinti firmalarının sahibləri kimi, Rauf Əliyevi də dəmirbarmaqlıqlar arasında görmək istəyir...

Məsələ ilə bağlı olaraq qarşı ərəfi də dinləməyə hazırıq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook