Koreya Respublikasının səfiri Naxçıvanın istehsalat, mədəniyyət müəssisələrində olub
May 05
14:52
2016
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu mayın 2-dən 4-dək Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edən Koreyanın səfiri Heydər Əliyev Muzeyi ilə də tanış olub.
Duzdağ Fizioterapiya Mərkəzində koreyalı qonağa buradakı müalicə prosesi haqqında məlumat verilib. Bildirilib ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən buraya müalicə üçün xeyli insan gəlir.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Kim Çanq-Qyu Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağa məlumat verərək bildirib ki, Naxçıvan Dövlət Universitetində tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən "Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla, bu sahədə atılan mühüm addımdır.
Sonra səfir universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları və Media, Cənubi Koreya Mədəniyyət və Dil Tədris mərkəzləri ilə tanış olub.
Səfir Kim Çanq-Qyu "Naxçıvan” Universitetində də olub. Ali məktəbin rektoru, professor İsmayıl Əliyev bildirib ki, universitetdə minə yaxın tələbə təhsil alır.
İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində ali məktəbdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.
Qeyd olunub ki, bu gün "Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilir. Dünyanın məşhur təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti, son dövrlərdə isə Türkiyənin 9 ali təhsil ocağı, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatıb.
Səfir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı ilə də tanış olub. Rəsm Qalereyası ilə tanışlıq zamanı məlumat verilib ki, burada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300-dək əsəri nümayiş etdirilir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu "Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin Badamlı Mineral Sular Zavoduna gəlib. Bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması "Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb.
Səfir Babək rayonunun Xal-xal kəndi yaxınlığında yerləşən Günəş elektrik stansiyasında da olub. Burada qonağa məlumat verilərək bildirilib ki, 20 meqavat gücə malik stansiyada 78 min 684 ədəd ən müasir "şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksəkgərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı "Xal-xal” yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətləri çəkilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Xalça Muzeyi, "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq da səfirdə xoş təəssürat yaradıb.
Mayın 4-də Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyunun Naxçıvana səfəri başa çatıb.
Qlobal.az