Kredit ittifaqlarını niyə birləşməyə qoymadılar?
May 12
07:54
2016
Vahid Məhərrəmov: «Istehsalı öz əllərinə alan məmurlar normal istehsal mühitinin, bazarın yaranmasını istəmir»
Bununla belə, türk iş adamı konsolidasiyaya gedəcək kredit ittifaqları ilə əməkdaşlıq üçün ilk növbədə yerli banklardan birinin zəmanətini istəyib. Amma bu zəmanəti almaq mümkün olmayıb: "Bank zəmanəti ona görə alınmadı ki, kredit ittifaqlarının hərəsi bir rayonda, ayrı-ayrı banklarla işləyirlər. Yəni bankların bütün rayonlarda filialı olmadığı üçün bütün kredit ittifaqlarının hesablarını eyni banka yığmaq mümkün deyil. Odur ki, heç bir bankdan belə bir zəmanəti almaq mümkün olmadı”.
Xəbər verildiyi kimi, Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən kredit ittifaqlarından 10-nun birləşmək planı baş tutmayıb. Fins.az-a açıqlamasında bunu Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının (IKIA) Idarə Heyətinin sədri Cəlil Süleymanov bildirib.
Onun sözlərinə görə, kredit ittifaqlarının konsolidasiyaya getmək istəyi türk iş adamı ilə əməkdaşlıq planından irəli gəlib: "Türkiyədən bir donor Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına pul qoymaq istəyirdi. Bunun üçün isə özünə tərəfdaş kimi güclü kredit ittifaqı axtarırdı. Biz də nizamnamə kapitalı kifayət qədər olan 10 kredit ittifaqını seçdik, onlara birləşməyi təklif etdik və həmin təşkilatlar təklifimizi qəbul etdilər”.
Bununla belə, türk iş adamı konsolidasiyaya gedəcək kredit ittifaqları ilə əməkdaşlıq üçün ilk növbədə yerli banklardan birinin zəmanətini istəyib. Amma bu zəmanəti almaq mümkün olmayıb: "Bank zəmanəti ona görə alınmadı ki, kredit ittifaqlarının hərəsi bir rayonda, ayrı-ayrı banklarla işləyirlər. Yəni bankların bütün rayonlarda filialı olmadığı üçün bütün kredit ittifaqlarının hesablarını eyni banka yığmaq mümkün deyil. Odur ki, heç bir bankdan belə bir zəmanəti almaq mümkün olmadı”.
Bəllidir ki, bankların heç biri bu addımı özbaşına edə bilməz. Maraqlıdır, görəsən, xarici valyutanın ölkənin kənd təsərrüfatına gəlməsinə niyə maneçilik yaradılır?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov ölkə iqtisadiyyatının, kənd təsərrüfatının inkişafına mane olan qüvvələrin olduğunun vaxtaşırı gündəmə gətirildiyini söyləyir. Ekspert kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, idxalına maraqlı olan qüvvələrin digər ölkələrdən investorların gəlməməsinə, investisiya gətirilməməsinə, hətta kəndlilərin ucuz kredit vəsaitləri əldə etməməsinə çalışdığını deyir:
"Yüksək vəzifəli məmurların min hektarlarla torpaq əraziləri, fabrik-zavodları, emal müəssisələri, fermaları mövcuddur. Onlar istehsalı öz əllərinə alıblar. Belə bir halda onlar ölkədə normal istehsal mühitinin, bazarın yaranmasını istəmirlər. Bazarda da qiyməti onlar diqtə edirlər. Kredit ittifaqları əlbəttə, kəndlilərlə bağlıdır və bu sahədə də problemlər var. Problem həm də ondan ibarətdir ki, kredit ittifaqları bir müddət fəaliyyət göstərdilər. Lakin dövlət tərəfindən dəstək göstərilmədiyi, bir sıra problemlər həllini tapmadığı üçün kredit ittifaqları da normal funksiyanı həyata keçirə bilmədilər”.
V.Məhərrəmov qeyd edir ki, kəndlilər kredit əldə edə və məsuliyyəti öz üzərlərinə götürə bilsələr də, sonrakı mərhələdə problemlər yaranıb. Yəni istehsalla bağlı məhsuldarlıq aşağı olub, kəndlilər istehsal etdikləri məhsulu sata bilməyib və gəlir olmadığı üçün də onlar kredit öhdəliklərini həyata keçirə bilməyiblər. Məsələnin kökü də hökumət məmurlarının kənd təsərrüfatının normal inkişafı, normal mühitin yaradılmasına maraqlı olmadığındadır:
"Söhbət istehsaldan, emaldan, idxaldan, normal bazar münasibətlərinin yaranmasından gedir”.(Azadlıq.info)
Qlobal.az