SON XƏBƏR

Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?

İyul 20
09:12 2023
Mikrobiologiya İnstitutu ötən 2022-ci ildə dörd lot üzrə satınalma həyata keçirib. 

Qlobal.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.141 manat təşkil edib. 
 


Belə ki, Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də "Digər malların alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 14.939 manat, qalibi isə "Optimal Kommersiya Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Optimal Kommersiya Holding" MMC 2021-ci ilin oktyabr ayının 28-də dövlət reyestrində qeydiyyata alınıb. "Optimal Kommersiya Holding" MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. "Optimal Kommersiya Holding" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur. 
 


"Optimal Kommersiya Holding" MMC 2022-ci ilin oktyarbr ayının 3-də "Digər malların alınması" lotu üzrə Biologiya İnstitutunun sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib. Bu satınalmanın məbləği 22.550 manat olub. 

Mikrobiologiya İnstitutu 2022-ci ilin sentyabr ayının 23-də "Maşın və avadanlıqların alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. İnstitutun yekun vurduğu bu satınalmanın məbləği 14.917 manat, qalibi isə "ZAMAN HOLDING SBM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 


"ZAMAN HOLDING SBM" MMC Mikrobiologiya İnstitutunun yekun vurduğu digər satınalmada qalib elan edilən "Optimal Kommersiya Holding" MMC ilə eyni tarixdə dövlət qeydiyyatına alınıb. Bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Burada ilginc məqamlardan biri də Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də "Digər malların alınması" lotu üzrə yekun vurduğu satınalmada qalib elan etdiyi isə "Optimal Kommersiya Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutunun qalib elan etdiyi "Optimal Kommersiya Holding" MMC kimi "ZAMAN HOLDING SBM" MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur. 

Mikrobiologiya İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmalarda baş verən şübhəli məqamlar bununla bitmir.

İnstitut 2022-ci ilin dekabr ayının 5-də "Sair torpaq, tikili və avadanlıqların satınalınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 19.735, qalibi isə "Best Lider" MMC-dir. "Best Lider" MMC-nin qanuni təmsilçisi İnstitutun digər satınalmalarında qalib elan edilən təşkilatların - "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Lakin "Best Lider" MMC-nin hüquqi ünvanı və qeydiyyata alınma tarixi fərqlidir. Belə ki, bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Əlibala Abdullayev ev 34, qeydiyyata alınma tarixi isə 2022-ci ilin fevral ayının 9-dur. 
 


"Best Lider" MMC-nin də Mikrobiologiya İnstitutunun qalib elan etdiyi "Optimal Kommersiya Holding" MMC kimi "ZAMAN HOLDING SBM" MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur. 

Maraqlıdır ki, qanuni təmsilçisi eyni şəxs olan təşkilatların - "Best Lider", "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin faktiki ünvanları da qeyri-müəyyəndir. "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin ikisində mənzil ünvanı sıfır rəqəmi ilə, "Best Lider" MMC-də isə hüquqi ünvanda mənzil ünvanı qeyd edilməyib. 

Fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, qanuni təmsilçisi eyni şəxs olan üç təşkilatdan ikisinin eyni hüquqi ünvanda yerləşməsi və hər üç təşkilatın ünvanlarının qeyri dəqiq olması olduqca ciddi şübhələrə yol açır. 

Qlobal.az məsələ ilə bağlı Mikrobiologiya İnstitutundan mövqe öyrənib. İnstitutun açıqlamasında deyilir: "Bildiririk ki, haqqında bəhs etdiyiniz 2022-ci ildə keçirilmiş kotirovka müsabiqələri dövlət satınalma haqqında qanununun bütün tələblərinə uyğun keçirilmişdir. İddiaçı qismində ən azı 3 satınalan təşkilat iştirak etmişdir və haqqında bəhs etdiyiniz bütün qalib şirkətlər şərtlər toplusuna uyğun olaraq hökümət portalında bütün lazımı sənədləri yerləşdirmişdir. Həmçinin bildiririk ki, 2022-ci ilin yekununda bütün satınalma müqavilələri  tam yerinə yetirilmişdir. Müraciətinizdə göstərilən suallara daha ətraflı cavabı isə informasiyanı aldığınız mənbə ilə dəqiqləşdirsəniz daha yaxşı olar".
 
Qeyd edək ki, dövlət satınalmaları haqqında məlumatlar İqtisadiyyat nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında yerləşdirilir. Qlobal.az Mikrobiologiya İnstitutunun da məsləhət gördüyü mənbədən - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələyə mövqe öyrənə bilməyib. 
 
 
Pənah Muradov
 
Xatırladaq ki, Mikrobiologiya İnstitutu AMEA-nın tərkibində fəaliyyət göstərir. Mikrobilogiya İnstitutunun baş direktru AMEA-nın müxbir üzvü Pənah Muradovdur. 
 
 
Məmməd Abbasbəyli
 
Dövlət satınalmalarını tənzimləyən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2019-cu ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin balansında yaradılıb. Xidmətə 2021-ci ilin dekabr ayında Məmməd Abbasbəyli rəhbərlik edir.
 
Cahandar Laçınlı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook