SON XƏBƏR

Monteneqro Prezidenti: TANAP və TAP Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir

Mart 31
17:02 2016
Trans-Anadolu (TANAP) və "Trans-Adriatik” (TAP) qaz boru kəmərləri Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir.
 
AZƏRTAC "intellinews.com”a istinadla xəbər verir ki, bu sözləri Monteneqronun Prezidenti Filip Vuyanoviç deyib. Təbii qaz idxalının ölkəsinin sənayesinin inkişafına mühüm töhfə verəcəyini və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən Filip Vuyanoviç qeyd edib: "TANAP-ın tikintisinin yarıdan çoxu tamamlanıb, TAP-ın inşasına isə yaxın vaxtlarda başlanılacaq. 2018-ci ildən etibarən TANAP-la Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildən isə TAP-la Avropaya 10 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək”.
 
Monteneqronun Prezidenti deyib ki, İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) isə hələ ki layihə olaraq qalır: "Bu boru kəmərinin Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. İon-Adriatik qaz boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Lakin bu kəmər növbəti on illiyin ortalarında Azərbaycanın öz dəniz yataqlarından təbii qaz ixracını daha da artırmağı tələb edir”.
 
Qeyd edək ki, TANAP və TAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə birgə "Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsini təşkil edir. TAP-ın təməli mayın sonlarında Yunanıstanın Soloniki şəhərində qoyulacaq. Uzunluğu 878 kilometr olacaq bu boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.
 
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).
 
TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Avropaya çatdıracaq.
 
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, "Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
İon-Adriatik qaz boru kəmərinin isə 516 kilometr uzunluğunda olması və Albaniyada TAP-a qoşulması nəzərdə tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook