Moskvada turizm sektorumuzu tanıdacaq SƏRGİ- FOTOLAR
Mart 24
21:07
2016
Azərbaycanın turizm potensialı Moskvada açılan "Səyahət və turizm” 23-cü Moskva beynəlxalq sərgisində təbliğ olunur. Sərgidə 180 ölkə və regiondan 1500 şirkət iştirak edir.
Azərbaycanın turizm sənayesini əks etdirən 72 kvadratmetrlik stenddə "Şahdağ” Turizm Mərkəzi, "Azərbaycan Hava Yolları” QSC, "AİTF” turizm və səyahətlər sərgisi, "Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilat komitəsi və 20-ə yaxın yerli turizm şirkəti, o cümlədən Azərbaycanın Rusiyada yeganə turizm nümayəndəliyi olan "Tour A Vent” şirkəti xidmətlərini təqdim edir.
Azərbaycan guşəsinə gələn qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları, məlumat kitabçaları təqdim olunur. Stenddə Azərbaycanın məşhur turizm obyektləri, maraqlı səyahət marşrutları, otellər, nəqliyyat strukturu barədə məlumatlar yer alıb.
"Gilan turizm” şirkətinin nümayəndəsi Fərid Məcidov AZƏRTAC-a bildirib ki, turizm sahəsində tərəfdaşların müəyyən edilməsində bu cür sərgilərin böyük rolu var. Azərbaycan turizm sənayəsinin nümayəndələri mütəmadi olaraq dünyada keçirilən ən nüfuzlu sərgilərdə iştirak edir, ölkəmizin bu sahədə potensialını təqdim edir, xarici şirkətlərlə tərəfdaşlığı genişləndirməyə, təcrübə mübadiləsi aparmağa çalışır. Bu, həm də müxtəlif beynəlxalq səviyyəli tədbirlər ərəfəsində xüsusi əhəmiyyət daşıyır. Budəfəki sərgidə iştirakımızdan məqsəd "Formula-1” Avropa Qran-pri oyunları ərəfəsində əcnəbi turistlərin, tanınmış turizm operatorlarının diqqətini ölkəmizə cəlb etməkdir. "Gilan turizm” şirkəti sərgiyə gələnlərə yüksək komfortlu otellər, spa-komplekslər, müxtəlif tematik turlar təklif edir.
"Prometheus travel” şirkətinin nümayəndəsi Aleksandr Qodovnikov son illər Azərbaycana səfər etmək istəyən səyahətçilərin sayının artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, mehriban insanları turistlərin diqqətini çəkir. O deyib: "Şərqlə Qərbi özündə birləşdirən ölkənizin paytaxtı Bakı şəhəri haqqında az qala əfsanələr gəzir. Bu şəhərə bir dəfə səyahət edən hər kəs yenidən ora qayıtmaq istəyir. Moskva sərgisində Azərbaycanın bir çox turizm şirkətləri ilə əməkdaşlığımızın təməlini qoyduq. Ümid edirəm ki, bu əməkdaşlıq uzunmüddətli olacaq”.
Qeyd edək ki, Ermənistan, həmişə olduğu kimi, bu dəfə də təhrikçilik siyasətindən əl çəkməmiş, pavilyonda Ermənistan stendi ilə yanaşı, Qarabağ stendini də quraşdırmışdı. Azərbaycanın Rusiyadakı səfirliyi sərginin təşklatçılarına etirazını bildirərək separatçı rejimin stendinin bağlanmasına nail olub.
1994-cü ildən keçirilən Moskva beynəlxalq "Səyahət və turizm” sərgisi Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynada turizm tədbirlərinin təşkili ilə məşğul olan "ITE” beynəlxalq şirkətlər qrupu tərəfindən təşkil edilib. Azərbaycan bu sərgidə 2002-ci ildən təmsil olunur.
Sərgi martın 26-dək davam edəcək.
Qlobal.az