Naxçıvanda əlverişli sahibkarlıq və biznes mühiti formalaşıb
May 18
15:17
2016
Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasıdır. İnsanların rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin əsaslı həlli ilə yanaşı, əhalinin tələbatının maksimum səviyyədə keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsi də qarşıda duran ümdə vəzifələrdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvan Biznes Mərkəzində yeni qəbul olunmuş normativ-hüquqi aktlar və qarşıya qoyulmuş vəzifələr haqqında sahibkarların maarifləndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin keçirdiyi tədbirdə səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq bildirib ki, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi üçün daxili bazarın tələbatına uyğun məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticədə bu gün muxtar respublikada 362 növdə, 1128 çeşiddə məhsul istehsal olunur. Həmçinin 343 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinin, özəl sektorun inkişafına yaradılan şəraitin bəhrəsidir.
Tədbirdə nazirliyin sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadənin, investisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Emin Zeynalovun, "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Namiq Əhmədovun və digərlərinin məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların qəbul edilən yeni normativ-hüquqi aktlarla tanış olması, onlara düzgün istiqamət verilməsi bu sahədə yeni uğurlar qazanılmasının başlıca şərtlərindəndir. Son illərdə sahibkarlar və iş adamları ilə görüşlərin təşkili, onların problemlərinin həll edilməsi, müasir elektron ödəniş xidmətlərinin tətbiqi və digər məsələlərlə bağlı görülən kompleks işlər diqqət mərkəzində saxlanılıb. İqtisadiyyatın liberallaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə həyata keçirilən islahatlar öz müsbət nəticələrini verib.
Tədbirdə nazirliyin regionun inkişafı və dövlət proqramları sektorunun müdiri Seymur Cəfərov sahibkarlara 2016-cı ildə prioritet hesab olunan layihələri təqdim edib. Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri Polad Heydərzadə özəlləşdirilməyə açıq elan edilmiş müəssisələr haqqında məlumat verib.
Sonra sahibkarların sualları cavablandırılıb.
Qlobal.az