SON XƏBƏR

“Nazirlik “Uklon” taksi şirkətinə lobbiçilik edir” – Taksi qiymətlərini kim qaldırır?

İyul 24
16:50 2023
"Bu, biznesin işinə birbaşa müdaxilədir və qanuni əsası yoxdur"

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - "Bolt”, "Uber” və "Yango”da gediş haqqı artırılıb. Məlumata görə, bu gündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək.

İstənilən qiymət artımının ölkə əhalisi tərəfindən haqlı narazılıqla qarşılandığını nəzərə alsaq, özəl biznesə aid olan taksi xidmətinin bahalaşmasının kimə lazım olduğu, nəyə xidmət etdiyi və nə dərəcədə qanuni olduğu barədə suallar yaranır.

İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı öz sosial şəbəkə səhifəsində maraqlı paylaşım edib: "Keçən ay rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bəyan etdi ki, taksi xidmətində qiymətlər birmənalı olaraq qalxacaq və bəyan etdi ki, məqsədləri taksi gedişlərinin sayını azaltmaqdır.

Bu gün "Uber”, "Bolt” və "Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş "Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki bu gün qiyməti artıran şirkətlər sırasında "Uklon” yoxdur. Bundan başqa "Uklon” şirkəti klassik "dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib məhəllə dükanlarında mağaza sahibləri yiyəsiz Tükəzban xalaya, Mamed dayıya cərimə yazmaqla məşğuldurlar.

Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook