SON XƏBƏR

“Növbəti inflyasiya və devalivasiya baş verə bilər”-ekspert rəyi

Aprel 25
10:58 2016
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.
 
Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin fikrincə, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək. İqtisadçılar iyunda FED rəhbərliyinin uçot dərəcəsini 0,5-0,75%-dək artıracağını təxmin edirlər.
 
Adətən FED-in bu tipli qərarları qlobal iqtisadiyyatdan da yan ötüşmür. Bəs, görəsən, FED-in uçot dərəcələrini 2 dəfə artırması bizim iqtisadiyyatımıza necə təsir göstərə bilər?
 
Strateq.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov FED-in bu addımı atacağından tam əmin deyil.
 
Ekspertin fikrincə, hər dəfə müxtəlif iqtisadçılar bu cür proqnozlar versələr də, əksər hallarda təxminlər özünü doğrultmur: "Odur ki, bu proqnozları mütləq həqiqət kimi qəbul edib mülahizə yürütmək yanıldıcı ola bilər”.
 
Ekspertə görə, FED-in uçot dərəcəsini iki dəfə artırması ilk növbədə ABŞ üçün siyasi cəhətdən səmərəli deyil: "Amma bu o demək deyil ki, ABŞ belə bir addım atmaz. Hər şey ola bilər. Belə monetar siyasətin iqtisadi nəticələri dolların dəyərinin saxlanılması və möhkəmləndirilməsinə, siyasi nəticələri isə dollardan dünya dövlətlərinin imtina etməsinin sürətlənməsinə səbəb ola bilər”.
 
FED-in yeni uçot dərəcəsi ilə emissiya aktı dolların dəyərinin artmasına, qızılın və avronun ucuzlaşmasına şərait yaradacağını düşünən ekspert, bu addımın bizə də müəyyən təsiri ola biləcəyinə inanır: "Adətən, uçot dərəcəsində cüzi artım bizim bank sisteminin pul ($) təklifində ifrat dərəcədə artımla müşahidə olunur. Bu, eyni zamanda, banklar üçün milli valyuta üzrə risklərinin artmasına, manatın dollar qarşısında möhkəmlənməsinə mane olan hadisədir. Dolayısıyla, növbəti kiçik devalivasiya və inflyasiyaya da səbəb ola bilər. Əlbəttə ki, əgər dövlət prosesə aktiv müdaxilə etməzsə…”
 
Bununla belə, ekspert FED-in ata biləcəyi bu addımın müsbət təsirlərinin olacağını da istisna etmir: "Digər tərəfdən isə hesab edirəm ki, FED-in uçot dərəcələrini artırmasının dövlət rəsmi ehtiyatlarının xarici banklarda dollarla saxlanılan hissəsinə müsbət təsirləri ola bilər. Uçot dərəcəsinə edilən dəyişiklik paralel olaraq dollarla saxlanılan valyutanın faiz gəlirlərinə təsir edər. Əlbəttə ki, müqavilədə belə fors-major halları əvvəlcədən benifisiarın xeyrinə nəzərə alınmayıbsa”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook