“Oqtay Əsədov həftədə 3 dəfə deputatlarla tennis oynayır” - FEDERASİYANIN VİTSE-PREZİDENTİ
Oktyabr 27
13:32
2017
Azərbaycanda əksər idman sahələrində idmançılarımız uğurlu nəticələrə imza atırlar. Amma nədənsə, Azərbaycan Tennis Federasiyası Tennis Federasiyasında oynayan və böyük nailiyyətə imza atan idmançılara rast gəlinmir.
Qlobal.az xəbər verir ki, məsələ ilə bağlı Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadə unikal.org-a açıqlama verib.
O, Azərbaycanda böyük uğura imza atan tennis idmançılarımızın olmamasına belə aydınlıq gətirib:
"15-16 yaşına gələn idmançılar universitetə hazırlaşdıqları üçün tennisi atırlar. Siz dediyiniz kimi, milli komandamız 6-10 ilə ancaq püxtələşə bilər. Komanda yoxdursa, mən o komanda üçün nə edə bilərəm? Gəlib 1-2 il oyanyırlar sonra da bu idmanı atırlar. Halbuki, xaricdə tennisdə 20-22 yaşında xanım idmançılar milyonlarla pul qazanırlar.
Biz 8-9 ildə bir neçə məşqçi gətirmişik. 3-4 dəfə elə İspan mütəxəssisləri idmançılarımızı çalışdırıb. Məşqçi nə etsin ki, bizim azərbaycanlı uşaqlar tənbəllik edirlər.
Tennisi başqa idman növləriylə bir tutmayın. Bizimkilər də oynamaq istəyirsə, hər bir şəraiti yaratmışıq. Hollandiyadan tutmuş, Amerikaya qədər hər yerə idmançıları yollamışam. Nə edək? Təyyarədən düşməkləri ilə uduzmaqları bir olur. Belə olduğu halda, biz onlara niyə pul xərcləməliyik? İdmançımız çıxıb Bakıda ilk oyundaca uduzursa, mən ona nə etməliyəm?”.
"İdmançıların xarici turnirlərdə iştirakı üçün vəsaitin hansı mənbədən əldə edirsiz?”, – sualımıza isə S.Əsgərəlizadə belə cavab verib:
"Oqtay müəllimə maliyyə ilə bağlı xahiş edib müəyyən turnirlər olanda göndəririk. Vacib oyundursa, idmanşıları Oqtay müəllimin, Tennis Akademiyasının hesabına yollayırıq. Ya da Gənclər və İdman Nazirliyindən xahiş edirik. Onlar da görürlər ki, yaxşı çıxış edə bilmirlər. Mən də onları tez-tez yarışa yollamağa utanıram”.
Vitse-prezident xaricdən millimizdə oynamaq üçün gətirlən idmançılar və məşqçilər barədə də danışıb:"Bizim xaricdən idmançı gətirməyə bir o qədər imkanımız yoxdur. Bu yaxınlarda 16 yaşlı idmançı qızı millimizə gətirmək istədik. Onun üçün bizdən 1 milyon pul istənildi. Hələ bilmirdik ki, necə oynayacaq? Mən özüm Tbilisiyə getdim həmin 16 yaşlı qızla danışdım ki, bizim adımızdan çıxış etsin. Həmin qız da rus əsilli idi. Hər yarışı udursa, o yarışın iki qat pulu qədər ödəniş etmək lazımdır. Dedim çox sağ olun. Bir nəfərlə heç nə alına bilməz. Ən azındandan 3-4 nəfər idmançı olmalıdır. Bunları almaq hamısı puldur. Bizdə də elə imkan yoxdur. Serb məşqçi də gətirmişdik. Mən başqa nə etməliyəm?”.
S.Əsgərəlizadə Milli Məclisin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədovun tennis həvəsindən də söhbət açıb:
"Oqtay Əsədov özü də akademiyaya gəlir. Hətta həftədə 3 dəfə özü tennis oynayır. Deputatlarla oynayırlar. Təbii ki, onlar milli komandanı püxtələşdirmir. Onların idmançı yaşı ötüb keçib. Yeni-yeni ümid bəsləyirik ki, kimsə az-az nəticə göstərir”.
Qlobal.az