“Qida sənayesi” sərgisində 200-dən artıq şirkət iştirak edəcək
Mart 30
13:11
2016
Mayın 19-dan 21-nə kimi Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq "Qida sənayesi” "WorldFood Azerbaijan 2016” sərgisi keçiriləcək. Sərginin təşkilatçıları qismində "Iteca Caspian” və "ITE Group” şirkətləri çıxış edirlər.
"Iteca Caspian”dan bildirilib ki, keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir ki, "WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərir.
Hər il keçirilən "WorldFood Azerbaijan” sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər. Belə ki, bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.
Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin, builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcəklər.
Həmişə olduğu kimi, bu il də "WorldFood Azerbaijan” sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri həyata keçiriləcəkdir. Bu cür ikitərəfli B2B görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulması və ikitərəfli müqavilələrin imzalanması üçün mühüm imkanlar yaradacaq.
Qlobal.az