SON XƏBƏR

Qubad İbadoğlu: "İqtisadiyyat həyəcan təbili çalır, hökumət - bayram təbili"

Mart 22
15:33 2016
İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında başlanan tənəzzüllə bağlı məqalə yazıb. İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik.
 
Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq tənəzzülə qədəm qoyub. İlk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri ötən ilə nisbətən 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub.
 
Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Qərarlaşmış tendensiyalar arasında ən çox narahatlıq doğuran dərin tənəzzül meyllərinin daha çox qeyri-neft bölməsinin istehsalında və ixracatında müşahidə olunmasıdır.
 
Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Dövr ərzində istehlak qiymətləri indeksi 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb. Artıq hətta ümumi inflyasiya səviyyəsi əhalinin hətta nominal gəlirlərinin artımını belə qabaqlamağa başlayıb. Bu müddət ərzində xidmətlər və pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımı da daha çox qiymətlərin bahalaşması şərtləndirib.
 
Kapital bazarında ilk 2 ayda kredit qoyuluşlarının 14 faiz artması müqabilində problemli kreditlərin artım sürəti onu 2 dəfə üstələyərək 27,5 faiz olub.
 
Göründüyü kimi, ilin ilk iki ayının müxtəlif nəticələrində qərarlaşmış mənfi tendensiyalar milli iqtisadiyyatın cağdaş durumunun ağır vəziyyətdə olduğunu təsdiq edir. Təqdim olunan rəsmi göstəricilər iqtisadiyyatdakı böhranın getdikcə şaxələndiyini, daha çox qeyri-neft istehsal bölməsinə, kapital, investisiya və maliyyə bazarlarına sirayət etdiyini, nəticədə də əhalinin sosial vəziyyətinin pisləşdirdiyini göstərir.
 
Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökumətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökumət isə həmişəki kimi gecikir, hələ də cari il üçün nə böhranı qabaqlayıcı proqrama və nə də böhran dövründə tədbirlər planına və çevik idarəetmə strukturuna malik deyil. Bununla yanaşı, hökumətin son zamanlar atdığı bir sıra addımlar kompleks islahat proqramının və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə ciddi effekt vermir. Tənəzzül isə artıq üçüncü aydır ki, davam edir, hökumət isə müddətinə görə analoqu olmayan bayram tətili keçirir ("Amerikanın səsi").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook