“Rahat” MTK Xırdalanda rahatlığı pozub: bir tikintinin qanunsuzluqları
Avqust 10
15:47
2021
Xırdalan şəhər, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli binanın sakinləri tikinti işlərini həyata keçirən "Rahat” MTK-nın təsisçilərindən, onların qanunsuz əməllərindən şikayətçidirlər. Binanın inşası başlanandan rahatlıqlarını itirən sakinlərin cumhuriyyet.az-a göndərdiyi məktubda illərdir heç kimin onların şikayətinə baxmadığını, əvəzində şirkətin təsisçilərinin müdafiə olunduğunu bildirirlər. "Rahat” MTK-nın təsisçisi və hal hazırda rus kilsəsi ilə üzbəüz yeni binanın inşası ilə məşğul olan Rasim Həsənov illərdir ki, bina sakinlərinin həyatının təhlükə qarşısında olduğuna biganəlik göstərir.
Şikayətçilər bildirir ki, Xırdalan şəhər M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə 2007-ci ildən inşasına başlanan bir mərtəbəsi qeyri-yaşayış, 11 mərtəbəsi yaşayış sahəsi, bir mərtəbəsi isə zirzəmidən ibarət olan 12 mərtəbəli, 5 girişli, 1 korpusdan ibarət 241 mənzilli yaşayış binasını inşa edən "Rahat” MTK 14 ildir ki, hələ də binanı tam təhvil vermir. Binanın 5 girişinin heç birində indiyə qədər yük liftləri quraşdırılmayıb. Amma buna baxmayaraq binanın inşası zamanı layihədən kifayət qədər kənara çıxılıb, özbaşınalıqlara yol verilib.
Cumhuriyyet.az-a daxil olan şikayətdə bildirilir ki,binanın çardaq hissəsinin 96 kvadrat metr sahəsi Elnur adlı şəxsə satılıb. Ümumiyyətlə çardaq hissəsi mənzil inşası üçün nəzərdə tutulmayıb. Həmin hissədə qanunsuz tikilən mənzil isə hər an təhlükə mənbəyidir. Heç bir yanqın əleyhinə təhlükəsizlik tədbiri görülməyib. Allah eləməmiş, hər hansı hadisə baş verərsə bütün bina təhlükə qarşısındadır. Dəfələrlə FHN qaynar xəttinə məlumat verilsə də heç bir tədbir görülməyib. FHN əməkdaşları sadəcə gəlib binaya baxmaqla kifayətləniblər.
Bununla kifayətlənməyən tikinti şirkətinin rəhbərləri binanın zirzəmiyə pilləkən üçün nəzərdə tutulan hissəsinə də "əl gəzdiriblər”. Şikayətçilər bildirir ki, "Rahat” MTK-nın sədri Ələddin Məmmədhəsənov həmin hissəni Zamin adlı şəxsə 20 min manata satıb.
İllərdir ki, yaşadıqları mənzillərə çıxarış ala bilməyən sakinlər bunun ümumiyyətlə mümkün olmadığını bildirirlər. Onlar binanın tikintisi zamanı yol verilən layihədən kənara çıxmalara, həmçinin binanın həyətində qanunsuz, heç bir sənədi olmayan su basseyni, ofis, transformator binasına görə binanın özəlləşdirməyə verilməsinin mümkünsüz olduğunu bildirirlər.
Binanın tikintisi zamanı yol verilən qanunsuzluqlara hal hazırda rüşvət və korrupsiya ittihamı ilə həbsdə yatan Abşeron rayon İh-nin sabiq memarı Akif Əliyevin "xeyir-dua” verdiyini bildirən şikayətçilər bunun əvəzində ona binanın qeyri-yaşayış hissəsindən 58 kvadrat metr hissənin peşkəş edildiyini söyləyirlər.. Həmin sahənin hazırkı bazar qiyməti 110 min manat təşkil edir.
Şikayətçilər tikinti şirkəti təsisçilərinin daha bir dövləti cinayətini qeyd edirlər. " Binanın ümumi yaşayış hissəsinə görə vergi idarəsinin mütəxəsislərini aldadaraq yaşayış sahəsini bilərəkdən az göstəriblər. Bu isə 100 min manatlarla vəsaitin dövlətdən gizlədilməsi deməkdir. Bunlar vergidən yayınmaqla dövlətə xəyanət ediblər və mütəşəkkil dəstə halında dövlətə külli miqdarda ziyan vurublar. Bütün bunlar isə Cinayət Məcəlləsinin 213, 213.2.1 , 213.2.2 maddələrinin kobud surətdə pozulmasıdır..”
"Rahat” MTK-nın rahatlığını əlindən aldığı sakinlər illərdir ki, bu təhlükələrlə üz-üzə qalıblar. Şirkətin təsisçiləri olan Rasim Həsənov, Ramiz Hümbətov, Nəsib Niftyəliyev, İlham Hümbətov, Rumiyyə Mustafayeva və MTK-nın sədri Ələddin Məmmədhəsənov isə yüzlərlə sakinin həyatını təhlükə qarşısında qoymaqdan sanki zövq alırmış kimi əməllərini davam etdirirlər. Tikinti şirkətlərinin özbaşınalıqlarının nəticəsində yaşanan faciələrlə bağlı onlarla misal çəkmək olar. Görəsən o hansı səbəblərdir ki, "Rahat” MTK-nı bu qədər rahatlıqla qanunsuzluqlara sövq edir, insan həyatlarını heçə sayır? Sabah baş verə biləcək faciələrə görə kim məsuliyyət daşıyacaq?