Rəsmi Kiyev Avropa Şurasının sədrinə qarşı
Noyabr 28
00:11
2017
Rəsmi Kiyev Avropa Şurasının baş katibi Turbörn Yaqlandın Rusiyanın Avropa Şurasında səs hüququnun bərpası barədə bəyanatına münasibət bildirib.
RİA "Novosti” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mayana Betsa deyib ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilmədən Rusiya nümayəndə heyətinin Avropa ŞurasıParlament Assambleyasına (AŞPA) qayıtması beynəlxalq hüquqa ziddir.
Ukrayna XİN təmsilçisi bildirib ki, beynəlxalq hüquqa riayət olunması, dəyərlər məsələsində kompromis ola bilməz.
Qeyd edək ki, dünən AŞ baş katibi T. Yaqland Rusiyanın AŞ-dan çıxmasının neqativ addım olduğunu, Rusiyanın quruma üzvlüyünün həm ruslar, həm də Avropa üçün vacib olduğunu bəyan edib. T. Yaqland qeyd edib ki, bu, Krımın Rusiyaya birləşdirilməsinə razılıq verilməsi deyil, ancaq Avropa Şurasının vəzifəsi Rusiyada, Krımda və Avropanın istənilən yerində insanların hüquqlarını müdafiə etməkdir.
Xatırladaq ki, 2014-2015-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib. Rusiya 2016-cı ildən nümayəndə heyətinin AŞPA-da akkreditasiya üçün sənəd təqdim etmir. Bu il iyunun sonunda Rusiya nümayəndə heyətinin səlahiyyətləri bərpa olunanadək AŞ büdcəsinə vəsait köçürülməsini dayandırıb. Rusiya üzv ölkələr arasında AŞ-ın əsas maliyyə ödəyicilərindən biri olub.