SON XƏBƏR

Saakaşvili həbs olundu

Dekabr 05
12:45 2017
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdə saxlanılıb

Bu barədə Ukrayna KİV-ləri xəbər verir. Siyasətçinin saxlanıldığı barədə Ali Radanın deputatı Viktor Çumak bildirib. Saakaşvili saxlanılandan sonra onun evinin qarşısında qarşıdurma yaranıb, partlayış səsləri eşidilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi Yelena Gitlyanskaya Saakaşvilinin evində axtarışın hansı cinayət işi çərçivəsində aparıldığını açıqlamayıb, bildirib ki, bu cinayət işinin istintaqını Baş prokurorluq aparır. Bəzi məlumatlara görə Saakaşvili keçmiş prezident Viktor Yanukoviçin göndərdiyi pullarla etiraz aksiyaları təşkil etməkdə ittiham edilir.

***

Ukraynada Odessanın keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşları basqın edib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun keçmiş birinci müavini David Sakvarelidze özünün Facebook səhifəsində məlumat yayıb. "Mixail Saakaşvilinin evində qapını sındırırlar? Kostelnaya keçəsi, 7, mənzil 32. Ora yığışırıq”-Sakvarelidze yazıb.

Baş prokurorun keçmiş birinci müavini daha sonra bildirib ki, Saakaşvili mənzilinə basqın edən hüquq-mühafizə orqanları əməkdaşlarından xilas olmaq üçün binanın damına çıxıb. Mənzilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları basqın edib, onlar qapını sındıraraq içəri daxil olublar və axtarış aparırlar.

TSN telekanalı xəbər verir ki, Saakaşvili binanın damından özünü aşağı atmaqla hədələyir. Siyasətçi bildirir ki, əgər ona toxunsalar özünü aşağı atacaq. Bu səbəbdən onun evinə xilasedicilər və tibb işçiləri cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook