Şirkətlərin fırıldağına son: - Daha eyni mənzili bir neçə şəxsə sata bilməyəcəklər
Aprel 11
11:59
2022
Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması halları kökündən həll ediləcək. Bu, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planında öz əksini tapıb. Dia.az xəbər verir ki, bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Bildirilib ki, Tədbirlər Planına görə, istismara qəbul edilməmiş binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazası yaradılacaq. Əsasən 2000-ci illərin əvvəllərində tikilən və istismara qəbul edilməmiş binalarda bir mənzilin bir neçə şəxsə satılması halları ilə rastlaşırdıq. Son illərdə bir mənzilin bir neçə şəxsə satılması halları demək olar ki, aradan qaldırılıb. Lakin tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması bu məsələni kökündən həll edəcək.
"Bu addım gələcəkdə vətəndaşın qeydiyyata düşmə və s. ilə bağlı müraciətlər zamanı da müsbət rol oynayacaq", - deyə o, bildirib.
Qeyd edilib ki, istismara qəbul edilməmiş binalarda mənzillərin satılması ilə bağlı hazırda vahid reyestr yoxdur. MTK-ların özündə reyestr olur və bu reyestrə dəyişikliklər onlar tərəfindən bir çox hallarda qanunsuz olaraq aparılır. Adi bir müqaviləni dəyişmək üçün 3 min manat pul istəyirlər. Bu problemlərin də kökündən həll ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilib.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022-2024-cü illərdə bu tədbirləri həyata keçirəcək.
Vahid informasiya bazası yaradılacaq
Vətəndaşlar istismara qəbul edilməmiş binalardan mənzil alarkən rahat olacaq
Diqqətə çatdırlıb ki, mənzil-tikinti kooperativlərin (MTK-lar) nə qədər mənzillər inşa etdiyi, mənzillərin kimlərə satıldığı vahid informasiya bazasına daxil ediləcək. Beləliklə, bir mənzilin bir neçə şəxsə satılması hallarına tam şəkildə son qoyulacaq, şəffaflıq yaranacaq. Vətəndaşlar istismara qəbul edilməmiş binalardan mənzil alarkən rahat olacaqlar, çünki artıq qeydiyyat aparılacaq və mənzilin alışı reyestrdə göstəriləcək.
Adi bir müqaviləni dəyişmək üçün 3 min manat pul istəyirlər
"Kupça"sı olmayan mənzilləri girov qoya biləcəklər
Ekspert daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, burada söhbət istismara qəbul edilməmiş binalarda mənzillərin girov qoyulması, alqı-satqısı, sığortalanmasından gedir. Hazırda bir çox vətəndaşlar çıxarışı olmayan, müqavilə ilə alınan belə mənzillərdə yaşayırlar. Lakin bu mənzilləri girov qoya bilmirlər və s. Bunlar da öz həllini tam şəkildə tapacaq.
Daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmləri təkmilləşdiriləcək
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planına əsasən, tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazası yaradılacaq. Bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmləri təkmilləşdiriləcək.