SON XƏBƏR

SOCAR-da da iş adamlarını çökdürən şəbəkə var?

Aprel 11
08:50 2016
Rövnəq Abdullayevin bacanağının yaxınları sahibkarları müflisləşdirməkdə ittiham olunur
 
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) yüksək vəzifəli şəxslərinin də adı keçən cinayət işinə baxılır. Söhbət bir neçə iş adamının aldadılaraq külli miqdarda vəsaitlərinin mənimsənilməsi və beləliklə, onların müflis edilməsindən gedir. Adıçəkilən məhkəmədə iddiaları araşdırılan Rüfət Vəliyev,  Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimovun uzun  illərdir üzləşdikləri haqsızlıqlarla bağlı döymədikləri  qapı, müraciət etmədikləri hüquq mühafizə orqanları qalmayıb. Nəhayət, onlar məsələni məhkəmə müstəvisinə daşımağa nail olublar.
 
"Azadlıq”a gələn məlumata görə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müstəntiqi Nazim Rəşidovun məhkəməyə təqdim  etdiyi ittiham aktında göstərilib ki, Azərbaycan  Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) yaxınlığı ilə tanınan Arzuman Əliyev və onun həmyerliləri hələ 2007-2008-ci illərdə həyata keçirdikləri dələduzluq əməlləri nəticəsində yuxarıda adları çəkilən iş adamlarının külli miqdarda əmlakını ələ keçiriblər. Doğrudur, ARDNŞ-nin Baş  Təchizat Idarəsinin rəisi Mehman Əkbərovun yaratdığı şəbəkənin üzvlərindən biri Arzuman Əliyev əməlinə görə həbs  edilib, amma digərləri – adları istintaq materiallarında dəfələrlə keçən Aləm Əkbərov və Sərraf Məmmədzadə hələ də azadlıqdadırlar. Bu şəxslər A.Əliyevlə dostluq münasibətində olmaqla bərabər, həm də qohumdurlar.

Istintaq yolu ilə müəyyən olunub ki, A.Əliyev zərər çəkmiş iş adamı R.Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib.  Bundan başqa, o, həmin ilin yayında iş adamı, yaxın qohumu Etibar Kərimovun etibarından istifadə edərək ona küllü  miqdarda ziyan vurub, bundan başqa, 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə, şəbəkənin digər üzvləri Aləm və Sərrafla əlbir olaraq iş adamları Nazim Tahirova və Elbrus Məmmədova qarşı cinayət törədib, onlara məxsus küllü  miqdarda əmlakı mənimsəyərək talan ediblər.
 
Belə ki, dəstə üzvləri "Biləcəri Təmir Quraşdırma” QSC-nin sədri N.Tahirovun Rusiya Federasiyasından gətirdiyi dəmir  boruları SOCAR-a satsa da, yalan vədlər verərək onu aldadıb.  Nəticədə zərər çəkmişə çatacaq 970.000 ABŞ dollarını ələ keçirərək sahibkara külli miqdarda ziyan vurublar. Onun gətirdiyi metal boruların satışı ilə bağlı söhbətlərdən  birində N.Tahirovu A.Əliyevlə tanış edərək bildiriblər ki, Arzuman ARDNŞ-in təchizat işini aparan şəxslə bağlı adamdır. Söhbət əsnasında Arzuman gətirilmiş boruların SOCAR-a satılmasında N.Tahirova kömək edəcəyini və bu işin öhdəsindən gələ biləcəyini deyib. Hər iki şəxsin aralarında başlanılmış sövdələşmələr 2008-ci ilə kimi problemsiz davam edib. Yaranmış isti münasibətdən istifadə edən peşəkar Arzuman həmin il N.Tahirovu qohumu Sərraf Məmmədzadə ilə  tanış edib və bildirib ki, o, ARDNŞ-nin Baş Təchizat Idarəsinin rəisi Mehman Əkbərovla daha yaxındır, onun vasitəsi ilə gətirilmiş boruları ARDNŞ-ə satmaq olar. Bundan sonra N.Tahirov razılaşma əsasında ölkəyə gətirdiyi 965 min ton dəmir borunu A.Əliyevə, o isə öz növbəsində həmin materialı Sərraf Məmmədzadənin köməkliyi ilə Neft-Qaz Tikinti Trestinə çatdırıb. Amma bu günədək boruların ARDNŞ-ə həmin şəxslərin hansı qiymətə satdığı nə ona, nə də  istintaqa məlum deyil. Hətta bununla bağlı istintaq zamanı SOCAR-a dəfələrlə konkret sorğu göndərilsə belə, bu məsələ sirr olaraq qalır. Şirkətin Hüquq Departamenti istintaqa göndərdiyi cavablarında sadəcə boruların ARDNŞ-in müxtəlif strukturlarına satıldığını təsdiqləyir. Bu da araşdırılması vacib olan qaranlıq məqamlardan xəbər verir.
 
Eyni aqibətlə başqa bir iş adamı E.Məmmədov da üzləşib. Belə ki, SOCAR-ın Baş Təchizat Idarəsi rəisinin himayə etdiyi  şəbəkə üzvləri yalan satmaqla sahibkarın 341 min 880 dollarını mənimsəyib. "Istintaq zamanı mötəbər sübutlarla təsdiq edilib ki, şəbəkə üzvləri A.Əkbərov, S.Məmmədzadə özlərini zərərçəkmişlərə (sahibkarlara) Dövlət Neft Şirkətində təsir imkanları olan şəxslər kimi təqdim ediblər və bu yolla da öz çirkin niyyətlərini həyata keçiriblər”- ittihamnamədə bildirilir.
 
Sahibkarların məhkəmədə bildirdiyinə görə, ARDNŞ-də elə ab-hava yaradılıb ki, bu şəxslər olmadan heç bir biznesmen Dövlət Neft Şirkəti ilə birbaşa əlaqə yarada bilməzdi və bu mümkün iş deyildi. Çünki ARDNŞ-dəki sözügedən şəbəkəyə güclü bir əl – həm də SOCAR prezidenti Rövnəq Abdullayevin  bacanağı olan Baş Təchizat idarəsinin rəisi Mehman Əkbərov  himayədarlıq edirdi. Aləm Əkbərov isə onun qardaşı olmaqla bərabər, "qara qutu”ya nəzarət edirdi.
Iddialara görə, istər A.Əkbərov, istər Ş.Məmmədzadə, istərsə də A.Əliyev öz məlum məqsədlərini həyata keçirmək üçün müxtəlif adlar altında müəssisələr yaradaraq onların adlarından istifadə ediblər. Bu müəssisələrin "qara fəaliyyətinə” nəzarəti bilavasitə A.Əkbərov həyata keçirib.
 
Sahibkarların bu şəkildə müflis edilməsi Azərbaycanda MTN-in ifşa edilən cinayətkar əməkdaşlarının əməllərini başqa müstəvilərdə də təkrarlamağa çalışanların olduğunu söyləməyə əsas verir.
 
Məsələ ilə bağlı zərərçəkmiş iş adamları üzləşdikləri çətinliklərlə bağlı ölkə başçısına müraciət edəcəklərini bildirirlər, həmçinin yaxın günlərdə başılarına gətirilənlərlə bağlı mətbuat konfransı keçirməyi nəzərdə tuturlar.
 
Qeyd edək ki, hazırda davam edən məhkəmə prosesində kifayət qədər maraqlı məqamlar yaşanır, ilginc etiraflar səslənir. Bu isə ayrıca yazının mövzusudur.
Onu da deyək ki, iş adamları pozulan haqlarının məhkəmədə  bərpa ediləcəyinə, təqsirləndirilənlər barədə ədalətli ölçü götürüləcəyinə əmindirlər. Onlar ümid edirlər ki, ölkənin ən mühüm qurumlarından biri olan ARDNŞ-in adının kimlərinsə tamahkarlığı və qanunsuz əməlləri ucbatından bu şəkildə hallanmasına yol verməmək, eyni zamanda oxşar halların təkrarlanmaması üçün müvafiq instansiyalar lazımi addımlar atacaq.
 
Ümumiyyətlə isə ölkə rəhbərliyinin sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması, iş adamlarını məmurların incitməsinə son qoyulması yönündə göstərişlər verdiyi bir vaxtda ARDNŞ-in və onun rəhbər şəxslərinin adlarının belə bir qalmaqalda hallanmağa başlaması maraq doğurur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook