SON XƏBƏR

SOCAR-ın müflisləşdirdiyi iş adamlarından müraciət

Aprel 15
23:19 2016
Onlar vəkili niyə məhkəməyə dəvət etdilər?
 
"11 aprel 2016-cı il tarixdə azadlıq.info saytında Bakı Ağır Cinayətlər Məhkəməsində Əliyev Arzuman İsa oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Etibar Kərimov, Nazim Tahirov, Rüfət Vəliyev və Elbrus Məmmədovun adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR – red.) Təchizat İdarəsinin rəisi Mehman Əkbərovun qardaşı Aləm Əkbərov və onların yaxınları Sərraf Məmmədzadə tərəfindən aldadılmaları və bununla bağlı hazırda da məhkəmə araşdırmasının getməsi barədə yazı dərc olunmuşdur.
 
Həmin yazının dərcindən 2-3 saat keçməmiş saytda "SOCAR-la bağlı yazıya vəkildən reaksiya” adlı yazı dərc edilmişdir.
 
Yazının mətni ilə tanış olduqda məlum olur ki, özünü "vəkil” kimi təqdim edən Aslan İsmayılov adları qeyd edilən biz zərərçəkmişlərin haqqımızı tələb etməyimizə münasibət bildirmiş və cinayət işinin halları, o cümlədən, zərər çəkmiş şəxslərin şəxsiyyətləri ilə bağlı həqiqətə uyğun olmaya məlumatlar qeyd etmişdir”. Bu sətirlər məlum cinayət işi üzrə zərər çəkən iş adamları – Elbrus Məmmədov, Rüfət Vəliyev və Nazim Tahirovun birgə imzaladıqları müraciətdəndir.
 
Müraciətdə daha sonra deyilir: "Aslan İsmayılovun yazısında qeyd edilən məlumatların yalan və iftira olması faktı bircə onunla təsdiq olunur ki, həmin şəxsin ümumiyyətlə, cinayət işinin materiallarından heç bir məlumatı yoxdur və onun qısa müddət ərzində 12 cilddən ibarət olan cinayət işinin materiallrı ilə tanış olmaq imkanı da mümkünsüzdür. Belədə tam təsiqlənir ki, Aslan İsmayılov zərərçəkmiş şəxslərin külli miqdarda pullarının mənimsənilməsində adları hallanan şəxslərin sifarişi əsasında heç bir hüquqi əsası olmayan yazı dərc etmişdir”.
 
Müraciət müəllifləri daha sonra bildirirlər ki, vəkilin cavab yazdığı məqalə tam təfsilati olaraq cinayət işinin materiallarına əsaslanıb və ibtidai istintaqın gedişi ilə müəyyən edilmiş məlumatlar üzərində qurulub: "Həmin yazıda biz zərərçəkmişlər məlumatlıarı çox qısa formada qeyd etmişik, bəzi daha biabırçı faktları qeyd etməyi isə hələlik zəruri hesab etməmişik. İndi belə faktlardan birini qeyd etməyi ona görə vacib sayırıq ki, oxucular üçün də işin halları tam aydın olsun. Məhkəmə iclası zamanı Təchizat İdarəsinin rəisi Mehman Əkbərovun qardaşı Aləm Əkbərovun suallara verdiyi cavablar hamını təəccübləndirdiyindən onun özünü hər hansı rəsmi işçi olmadığı halda ARDNŞ-in adından külli miqdarda pul vəsaitini idarə edən şəxs kimi təqdim etməsindən sonra vəkil tərəfindən "Sözlərinizdən belə çıxır ki, istənilən şəxs gəlib sizin kimi rəsmi işçi olmadığı halda Dövlət Neft Şirkətində sizin etdiyiniz hərəkətləri edə bilər” sualına onun cavabı belə oldu: "Sənin də qardaşım həmin vəzifdədə işləsə, əlbəttə, işləyə bilərsən!” Məhkəmə iclası zamanı Aləm Əkbərov və Sərraf Məmmədzadəni ifşa edən bir çox digər faktlar da açıq-aşkar müəyyən olunmuşdur. Kiməsə iftira atmaq niyyətindən tamamilə uzaq olaraq, Aslan İsmayılovu əsl həqiqəti görməsi üçün məhkəmə iclaslarında iştiraka dəvət edirik ki, baş verən haqsızlıqların canlı olaraq şahidi olsun.
 
Sonda zərərçəkmiş şəxslər olaraq, həqiqətdən tam kənar şəxs olan və cinayət işinin materialları ilə heç bir əlaqəsi olmayan yazı müəllifi Aslan İsmayılovun diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmadığı halda "vəkil” adından istifadəsində bir qədər ehtiyatlı olsun. Çünki 01 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəəzrdə tutulmuş "vəkil” statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından istifadə olunmasına görə - iki yüz manatdan üç yüz manatadəök məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Ümid edək ki, Aslan İsmayılov Azərbaycan Respublikasının adı çəkilən Qanununun tələblərinə və öz şəxsiyyətinə hörmətlə yanaşacaqdır”.
 
Bir daha qeyd edək ki, müraciəti məlum cinayət işi üzrə zərər çəkən iş adamlarından Elbrus Məmmədov, Rüfət Vəliyev və Nazim Tahirovun birgə imzalayıblar.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) yüksək vəzifəli şəxslərinin də adı keçən cinayət işinə baxılır. Söhbət bir neçə iş adamının aldadılaraq külli miqdarda vəsaitlərinin mənimsənilməsi və beləliklə, onların müflis edilməsindən gedir. Adıçəkilən məhkəmədə iddiaları araşdırılan Rüfət Vəliyev, Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimovun uzun illərdir üzləşdikləri haqsızlıqlarla bağlı döymədikləri qapı, müraciət etmədikləri hüquq mühafizə orqanları qalmayıb. Nəhayət, onlar məsələni məhkəmə müstəvisinə daşımağa nail olublar.
 
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müstəntiqi Nazim Rəşidovun məhkəməyə təqdim etdiyi ittiham aktında göstərilib ki, A.Əliyev zərər çəkmiş iş adamı R.Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı, yaxın qohumu Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub, bundan başqa, 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə, şəbəkənin digər üzvləri Aləm və Sərrafla əlbir olaraq iş adamları Nazim Tahirova və Elbrus Məmmədova qarşı cinayət törədib, onlara məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan ediblər.
 
Qalmaqalda adı keçən SOCAR təchizat idarəsinin rəisi Mehman Əkbər qurumun prezidenti Rövnəq Abdullayevin bacanağıdır.


Qlobal.az
















Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook