Sosial Inkişaf Fondunda ŞOK MAXİNASİYALAR- RƏSMİ
Aprel 23
09:22
2016
Hesablama Palatasından ilginc açıqlamalar
Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da, qurum faktiki olaraq fəaliyyət göstərməyib. Açıq tenderin keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq, 23 layihənin hamısı tendersiz, birbaşa müqavilə bağlanılmaqla satınalmalar həyata keçirilib.
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial Inkişaf Fonduna (MKSIF) ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı ciddi korrupsiya faktları aşkarlayıb. HP-nın 2015-ci ilə dair hesabatına görə, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat vəsait ayırıb.
Hesabatda göstərilir ki, MKSIF "Dövlət Investisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb. Yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin planlarının hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamalarına texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.
Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da, qurum faktiki olaraq fəaliyyət göstərməyib. Açıq tenderin keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq, 23 layihənin hamısı tendersiz, birbaşa müqavilə bağlanılmaqla satınalmalar həyata keçirilib.
Hesabata görə, obyektin vaxtında təhvil verilməməsi səbəbindən Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən obyektlər üzrə başa çatmayan tikililərin dəyəri artıb, podratçı təşkilatlar üzrə debitor və kreditor borclar yaranıb. Məcburi köçkün ailələrinin yeni tikilmiş qəsəbələrə köçürülməsi üzrə Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi Repatriasiya Departamentinə ödənilən vəsait müvafiq hesablamalara əsaslanmayıb.
MKSIF tərəfindən satın alınacaq tikinti işlərinin ehtimal olunan dəyəri şişirdilib. Hesablama Palatasının hesabatından məlum olur ki, burada mənzil tikintisinə çəkilən məsrəflərin ölkə üzrə orta göstəricilərlə tam uyğun olmaması, həmçinin bu istiqamətdə başa çatmamış investisiya xərcinin dinamik artımı ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilmədiyini göstərir. Bu da sonda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməməsinə səbəb olub.
Görülən işlər nəticəsində MKSIF-in həyata keçirdiyi korrupsiya əməllərindən yalnız 36,5 min manatı bərpa edilib, 5.7 milyon manatlıq debitor borc bağlanıb, 131.3 milyon manatlıq vəsait isə uçota alınıb. Burada məlum olan təqribən 170 milyonluq "yeyinti” faktına görə cəzalandırılma, 1 nəfərin işdən azad olunması, 3 nəfərə töhmət verilməsi ilə yekunlaşıb.
Hesablama Palatası həmçinin MKSIF tərəfindən həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsindən ayrılan və Dünya Bankından cəlb edilən vəsaitlərin istifadə vəziyyətinə dair audit keçirib. Nəzarət tədbiri 25.5 milyon dollar məbləğində vəsaiti əhatə edib.
Layihənin icra müddəti ərzində təmir və bərpası nəzərdə tutulan 95 IYB-dən qrafik üzrə başa çatdırılmalı 76 obyektdən yalnız 45-i üzrə icra işləri tam başa çatdırılıb.
Layihənin əsas hədəf göstəricilərindən biri olan faydalananların tərkibində məcburi köçkünlərin sayının icma mikrolayihələrinin həyata keçirilməsi üzrə ən azı 75 faiz, ictimai yaşayış binalarının təmiri və bərpası üzrə ən azı 80 faiz olması nəzərdə tutulduğu halda, IML -dən 98.3 min nəfər faydalanandan 67 min nəfəri və ya 71 faizi, IYB-dən 16.2 min nəfər faydalanandan 12.4 min nəfər və ya 76.5 faizi məcburi köçkünlər olub.
Məcburi köçkünlərin mikrokreditlərin verilməsi alt-kompanenti üzrə vasitəçi kredit təşkilatları (VKT) kimi seçilmiş 10 kredit ittifaqına fondla bağlanmış kredit müqavilələri əsasında layihədə nəzərdə tutulan məbləğ tam olaraq köçürülsə də, icrasında nöqsanlar aşkar olunub. Belə ki, layihənin icra müddəti ərzində mikrokreditlərin verilməsi nəzərdə tutulan 1500 nəfərə qarşı auditlə əhatə olunan dövr ərzində 797 nəfərə (53 faiz)kredit ayrılıb. Onun da 570 nəfəri əvvəlki illərdə Fond tərəfindən həyata keçirilən mikromaliyyə proqramları üzrə kredit alanlar olub.
Hesablama Palatasının yoxlamalarından sonra MKSIF 14.7 min manat məbləğində vəsaitin bərpa edildiyi, 8 obyekt üzrə ümumilikdə 58.5 min manat məbləğində işlərin podratçılar tərəfindən yerinə yetirilməsinin təmin olunduğu qeyd edilir.(Azadlıq.info)
Qlobal.az